Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakı sakinlərinə XƏBƏRDARLIQ

  • Müəllif  Asef

Bakı sakinlərinə XƏBƏRDARLIQ

 

"Bu gün I Avropa Oyunları ilə bağlı narahatlıq doğuran ən ciddi məsələ Bakı yollarında tıxac və avtomobillərin parklanması problemidir".

Trend xəbər verir ki, bu fikir Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Əsas məsələ" proqramının I Avropa Oyunları ilə bağlı nəqliyyat və təhlükəsizlik məsələlərinin həllinə həsr olunmuş buraxılışında çıxış edən dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri tərəfindən səsləndirilib.

Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yollarda avtomobillərin qanunsuz park edilməsi ciddi narahatlıq doğurur: "Ən böyük problemlərdən biri avtomobillərin yollarda atılıb gedilməsidir, yəni parklama məsələləridir. Ona görə maksimum dərəcədə çalışıb parklama yerlərindən istifadə etmək lazımdır".

O həmçinin deyib ki, iyun ayı ərzində yük avtomobillərinin paytaxtda hərəkəti tam dayandırılacaq: "Ticarət obyektlərinin təminatı kiçik tutumlu avtomobillərlə olacaq. Amma ticarət obyektlərinin təminatı axşam saat 22:00-dan səhər saat 06:00-dək getməlidir. İdman oyunları müddətində mağazalar gecə saatlarında təmin edilməlidir ki, yollarda tıxaclar, problemlər yaşanmasın".

İdman və gənclər naziri Azad Rəhimov bildirib ki, Avropa Oyunları ilə əlaqədar minik avtomobilləri ilə Bakı şəhərində hərəkət etmək üçün heç bir xüsusi buraxılış sənədi tələb olunmayacaq: "Sadəcə bəzi sakinlərə avtomobillərini yaşadığı binanın yanında park etmək üçün icazə sənədi veriləcək. Məsələn, Bakı Olimpiya Stadionu və "Kristal Zal" ətarfında yaşayış binaları yoxdur, Bakı Su İdmanı Sarayının ətrafında binalar azdır, amma Heydər Əliyev adına İdman-Konsert Kompleksinin ətrafında hər tərəfdə məhəllələr var. Orada yaşayan sakinlər üçün xüsusi buraxılış sənədi hazırlamışıq. Həmin buraxılış sənədi sadəcə avtomobili o binaların yanında park etmək üçündür. Sürücü buraxılış sənədini avtomobilin ön şüşəsinə yapışdıracaq, keçən polis və evakuator xidməti o maşına toxunmayacaq. Biləcək ki, bu, binada yaşayan sakinin maşınıdır. Bu əslində buraxılış da yox, parkinq üçün icazə verən sənəddir".

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib ki, yollarda tıxaclar nəinki I Avropa Oyunları ərəfəsində, ümumiyyətlə böyük problem yaradır: "Maşınların düzgün park olunmaması və tıxacların yaranması səbəbindən baş vermiş hadisə yerinə xüsusi təyinatlı avtomobillərin yaxınlaşması üçün saatlarla vaxt sərf olunur. Siqnalları yandırıb hərəkət etməsinə baxmayaraq, bəzi sürücülər bizim xüsusi təyinatlı avtomobillərə yol vermirlər. Xüsusi təyinatlı avtomobillər, təcili yardım, FHN-nin, polisin avtomobiləri və digərləri hər biri insanların həyatını xilas etmək üçün tələsirlər. Xahiş edirik ki, onlara kömək etsinlər. Təsəvvür edin, onların hadisə yerinə gec çatması hadisənin böyüməsinə və insanların ölümünə gətirib çıxara bilər. Xahiş edirəm ki, xalqımız bunu nəzərə alsın".

Daxili işlər nazirinin mavini, polis general-leytenantı Oruc Zalov isə bildirib ki, keçirilən təlim-məşqlər göstərib ki, həqiqətən də I Avropa Oyunları zamanı müəyyən yerlərdə tıxaclar yarana bilər: "Son olaraq mayın 9-da xüsusi təlim-məşq keçirildi. Könüllülərdən ibarət şərti qonaqlar təşkil olundu. Həmin qonaqların ictimai nəqliyyat vasitəsilə stadiona çatdırılması hesablandı. Həmin nəqliyyat vasitələrinin müşayiət olunması təmin edildi. Tıxaclar yarana bilən yerlər bir daha müayinədən keçirildi. Biz gördük ki, doğrudan da müəyyən yerlər var ki, orada tıxaclar yarana bilər".

O.Zalov deyib ki, onların təklifi əsasında Nazirlər Kabinetinin verdiyi qərara əsasən iyun ayı ərzində böyük həcmli yük avtomobillərinin şəhərə buraxılmasına tam məhdudiyyət qoyulacaq. Minik maşınlarına gəlincə, nazir müavini sürücülərin özlərinin rahatlığı naminə onlara bir müddət ictimai nəqliyyatdan istifadə etməyi məsləhət görüb: "Bakıda yaşayan hər bir sürücü bilir ki, günün müəyyən vaxtlarında tıxaclar onların gediş-gəlişinə mane olur. Bunun da aradan qaldırılması məqsədilə biz Bakıda bütün sürücülərə, şəxsi avtomobillərdən istifadə edən hər bir vətəndaşa müraciət edirik ki, ay ərzində minik maşınlarından maksimum dərəcədə az istifadə etsinlər. Tıxaclarda qalmamaq, günün altında saatlarla vaxt itirməmək üçün elə sabahdan bu işə qoşulsalar, daha yaxşı olar".

Nazir müavini bölgələrdən Bakıya gəlmək istəyən sürücülərə də müraciət edərək bildirib ki, müəyən vaxtlarda elə məhdudiyyətlər qoyulacaq ki, onlar şəhərə daxil ola bilməyəcəklər: "Yaxşı olar ki, onlar indidən ictimai nəqliyyatdan istifadə qaydalarına riayət etsinlər. İctimai nəqliyyatın sayı kifayət qədər artırılacaq. Onların Bakıya gediş-gəlişinə heç bir maneə olmayacaq, məhdudiyyət qoyulmayacaq. Şəxsi avtomobillərlə Bakıda Oyunlara baxmaq və ya şəxsi işlərini görmək üçün gələnlərə isə məhdudiyyət qoyulacaq. Bu vətəndaşlar üçün Bakının kənar ərazilərində müəyyən yerlər təşkil edəcəyik ki, onlar avtomobili saxlayıb şəhərə ictmiai nəqliyyatla gəlsinlər. Amma yaxşı olar ki, onlar rayondan birbaşa ictimai nəqliyyatdan istifadə edərək gəlsinlər. Bu gün biz inzibati qaydada demirik ki, hamıya qadağa qoyulacaq. Amma günün altında qalmaqdansa, saatlarla vaxt ititrməkdənsə ictimai nəqliyyatdan istifadə edərək mənzil başına rahat çatmaq ondan min qat yaxşıdır".

O.Zalov bildirib ki, müvafiq qurumların tövsiyə və müraciətlərinə baxmayaraq avtomobili qanunsuz park edənlərə qarşı ciddi tədbirlər görüləcək: "Sözsüz ki, evakuator xidməti bu cür sürücülərə qarşı bağışlama mövqeyindən çıxış etməyəcək. Evakuator xidmətinin fəaliyyəti həddindən artıq yüksələcək. Yol polisi əməkdaşları müşahidə kameraları vasitəsilə həmin yollara ciddi nəzarət edəcəklər. Bu gün Bakıda 6 mindən çox nəzarət kameralarımız var. Həm yollara, həm ictimai asayişin qorunmasına gecə-gündüz nəzarət olunacaq. Bizim tövsiyələrə əməl etməyən, intizamsız sürücülərə qarşı ciddi tədbirlər görüləcək".


Oxşar mövzular:
  • Onlar Bakıya buraxılmayacaq...
  • Maşını olanlar, MÜTLƏQ OXUYUN!
  • Bakı avropalıları belə təəccübləndirəcək...
  • Bakıda bu yerlərdə avtomobil saxlamaq qadağan edildi - SİYAHI
  • Sürücülərə növbəti xəbərdarlıq!


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031