Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Taksi problemi Milli Məclisdə: "Ayıbdır, bu məsələ tənzimlənsin!"

  • Müəllif  Asef

Taksi problemi Milli Məclisdə: "Ayıbdır, bu məsələ tənzimlənsin!"

 

Azərbaycanda taksi minik avtomobilləri ilə bağlı xüsusi qaydalar tətbiq olunur, taksi sürücüləri üçün xüsusi hazırlıq mərkəzləri yaradılacaq və ayrıca lisenziya kartları tətbiq olunacaq.

Take.Az "qafqazinfo"ya istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik və əlavələr müzakirə olunub. Qanuna təklif olunan 14.2.8-1 maddəsinə görə, yük və sərnişin daşıma avtomobilləri üçün lisenziyanın verilməsi üçün tələb olunan şərtlər sırasına taksi minik avtomobilləri üçün şərt əlavə olunur və belə adlanır: "Taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə".

Qanunun 15-ci maddəsinin (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının xüsusiyyətləri) 1-ci hissəsinə təklif edilən əlavəyə görə sərnişin daşıma ilə bağlı lisenziya sadələşdirilir və verilən lisenziya kartının imkanları genişləndirilir: "Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir, müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir".

Qanunun 8-ci maddəsinin (Avtonəqliyyat vasitələrinin qeydiyyatı) 2-ci hissəsinə təklif olunan əlavə ilə taksi minik avtomobilləri üçün yeni və güzəştli qayda tətbiq edilir: "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu "Yol hərəkəti haqqında" qanunla müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir".

Taksilər üçün daha bir güzəşt və yeni qayda qanunun 27-ci maddəsinin (Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər) 2-ci hissəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, "Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına "B" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sürücülər buraxılır" cümləsində, "19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan" sözləri, "21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (etibarnamə və s) olan avtonəqliyyat vasitəsini idarə edən" sözləri ilə əvəz edilir. Qanuna təklif edilən digər əlavədə isə Azərbaycanda taksi sürücüləri üçün xüsusi hazırlıqların keçirilməsi və ondan irəli gələn şərtlər göstərilir. 27-ci maddənin 3-cü hissəsinə təklif edilən əlavədə deyilir ki, "Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidir. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir".

Layihə səsə qoyularaq qəbul olunub.

Müzakirələr zamanı çıxış edən millət vəkili Musa Quliyev rayon maşınlarının Bakıya buraxılmaması məsələsinə toxunub. O əvvəlcə xatırladıb ki, bir müddət öncə qanunvericiliyə ictimai yerlərdə siqaret istifadənin qadağan olunması ilə bağlı müddəa əlavə olunmuşdu: " İctimai nəqliyyatda çalışan sürcülərin buna görə hətta 50 manat cəzalandırılması nəzərdə tutulurdu. Amma təəssüf ki, bu cəzalandırma o qədər də effektli olmadı. Daha doğrusu, o zaman gərək bu müddəa taksi sürücülərinə də aid edilərdi. Taksi sürücülərinin böyük əksəriyyəti sərnişin daşıyarkən siqarət çəkərək sərnişinlərin sağlamlıqlarına ziyan vururlar".

O eyni zamanda qeyd edib ki, rayon maşınlarının Bakıya buraxılmaması artıq ciddi problemlər yaratmaqdadır: "Hətta millət vəkilləri var ki, onların maşınları rayon qeydiyyatındadır. Onların da Bakıya gəlməsində problemlər yaşanır. Rayon maşınları artıq yolda dayananlarla bu məsələnin "həllini" tapıb. Amma yaxşı olardı ki, bunlar dövlət büdcəsinə köçürülsün. Hesab edirəm ki, bu məsələyə Nazirlər Kabineti yenidən baxmalıdır".

Millət vəkili Məlahət İbrahimqızı Bakı hava limanı ətrafında dayanan taksi sürücülərindən narazılığını bildirib: "Taksi sürücüləri az qala adamın üstünə cumurlar. Üst-başları nə gündə olur. Təkcə Azərbaycana biz gəlmirik ki... Xarici qonaqlar da gəlirlər. Ayıbdır. Bu məsələnin tənzimlənməsinə ehtiyac var".



Oxşar mövzular:
  • Nəqliyyat Nazirliyinin hansı səlahiyyəti qaldı?
  • Sürücülərlə bağlı cəzalar sərtləşdirilir
  • Taksi sürücülərindən əlavə haqq yığılacaq
  • Yaşayış yeri üzrə arayış almaq asanlaşdı
  • Bakının qapıları əyalətli sürücülərin üzünə bağlanır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031