reklam
Təbrizdə taksi əhvalatı Təbrizdə taksi əhvalatı https://take.az/uploads/posts/2023-03/thumbs/1680253667_6401a2a802a756401a2a802a7616778287766401a2a802a736401a2a802a74.jpg
ice berg

ice berg Hekayələr 31-03-2023, 22:00

Təbrizdə taksi əhvalatı

Təbrizdə taksi əhvalatı
İllər öncə Təbrizdə yaşadığım dövrdə ümumi taksiyə minmişdim. İndi deyəcəksiniz ki, ümumi taksi nədir? Bakıda manatlıq taksilər var, Təbrizdə onun heç bir adı yoxdur, eləcə taksiyə əl eliyirsən, saxlayanda, minib, gedirsən. yəni, biz də manatlıq yerinə “tümənlik taksi” deyə bilərdik, amma demədik. Nəysə.

Qış ayları idi, çox gərgin bir iş rejimindən sonra evə dönürdüm. Yoluxucu xəstəliklər və qrip gündəmin mövzusuna çevrilmişdi, kimə baxırdın öskürürdü, asqırırdı.

Taksidə qabaqda oturan yaşlı bir kişi qəfildən sükutu pozaraq dedi, “başım elə ağriyir ki, öskürəkdən xəfələnirəm, görəsən, yaxında davaxana var?”. Kişinin sözü bitməmişdən arxada, sol tərəfimdə oturan qadın tez səsləndi: “Havadandı, qərdəş. Soyuxdəymələr indi çətin olub, evə gedəndə qərqərə elə, soyuxdəymənin davası qərqərədi, qərdəş”.

Sürücü də sanki sözün açılmasını gözləyirdi, xəstələnən kişini buraxıb güzgüdən arxadakı sərnişin qadının gözəlliyinə baxa-baxa birdən qayıtdı ki, “Şimiyayi (kimyəvi) davalara pul vermə ha... ver arvad evdə sənə yarpızı dəmləsin, gecələr iç, yat”.

Qadın yenə dinc oturmadı, müzakirədə böyük payı olsun deyə, “mən bilirəm, qərdəş, dərdivi, onun davası lumulu çaydı (limon), həm vitamin sisi (c) var, həm də fişarı (təzyiqi) mizan saxliyir, get elə, görəcaxsan xeyirini”.

Xəstələnən kişi xışıltılı bir öskürəkdən sonra nəfəsini aldı, sürücüyə döndü: “Düz diyirsən, bacı, döhdürdü, davadı faydasız şeydi, nəmənə alıram xeyiri yoxdi, elə arvada deyərəm, ot dəmliyər”.

Sağ tərəfimdə bir ağsaqqal sərnişin pəncərədən çölə baxırdı, gahdan da telefonunda saatı izləyirdi, taksidəki müzakirəyə heç bir reaksiya vermirdi, eləcə susub, oturmuşdu.

Aradan bir az keçdi, yolda bir-bir sərnişinlər düşdülər. Qaldıq mənlə yanımda susaraq oturan ağsaqqal. Ağsaqqala zəng gəldi, telefonu açıb cavab verid: “hən baba, dedim da sənə, seromun(system) içinə betametazol ampulunu izafə eliyin, düzələcax inşallah, özüm də yolduyam, gəlirəm bimaristana(xəstəxana)”.

Ağsaqqal kiməsə telefonda tibbi göstərişlər verirdi. Sən demə, ağsaqqal Təbrizin ən məşhur hospitalının həkimi imiş və bura kimi qrip söhbətinə qatılmayıb, icazə verib ki, özündən daha “peşəkar mütəxəssislər” danışsın. Sürücünün gözləri başına çıxdı, yarı əsəbi tərzdə “hacı, səsivi çıxart daa... bəyaxdan burda nə danışırdıx biz, səbətdən gilas tökülür? millət qəribə olub gedib da”- dedi.

Doktor çox ahəstə və aşağı tonda dedi- “mənə aman verdiz ki? taksi müzakirə yeri dəyir, qabaxda saxla düşəcam, mənim işim-gücüm var”.

İçimdə dedim, ay doktor, bizimkilərin hamısı mütəxəssisdir, hamısı ekspertdir, hansı sahədən istəyirsən danışsınlar sənə. Həqiqi zəkalılarımız, istedadlılarımız isə qıraqda qalıb susurlar. Avam kütlənin hər mövzuya uyğun irəli sürəcək düşüncəsi var. Atam demişkən, “göydə xələbandı (pilot), suda mələvan(dənizçi)”.

Ümid Nəccari

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
185 211 162 224 170 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.