reklam
Qarabasmalardan camaat necə qazanc əldə edir? Qarabasmalardan camaat necə qazanc əldə edir? http://take.az/uploads/posts/2018-11/1543415992_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 28-11-2018, 19:13

Qarabasmalardan camaat necə qazanc əldə edir?

Qarabasmalardan camaat necə qazanc əldə edir?
Birdən anladım ki, mənə kabus kimi baxırlar - günahsız insanların qəlbinə yiyələnən "Duppy" adlı kinli Yamayka kabusu kimi.

Arxaya baxan güzgüdən gördüm ki, qorxudan bozarmış bir insan yola 5-6 çınqıl atıb sürətlə aradan çıxır.

Haşiyə: kabuslara, ruhlara, mələklərə və digər növ qarabasmalara mən inanmıram, lakin eyni zamanda anlayıram ki, çoxları bunu reallıq sayır.

Duppy-nin nə olduğunu haradan bildiyimi soruşmasanız yaxşıdır. Yamayka folkloruna əsasən, onlar təkcə insan qəlbinə yiyələnmir, odur ki, onlara rast gəlməsən yaxşıdır.

Onların rəngi solğun olur (çünki pis bir insanın ruhundan söhbət gedir), hər şeyi bilmək istəyirlər və yalnız üçədək saya bilirlər. Məhz buna görə də çınqıllar onlarla rastlaşan adamın köməyinə gəlir.

Dupy-nin qabağına 5-6 çınqıl atanda, o, bunun nə olduğu ilə maraqlanır, başlayır saymağa - bir, iki, üç ... yox, təzədən - və beləcə, təkrar-təkrar çınqılları saymaqda davam edəndə, onun potensial qurbanı yaranmış fürsətdən istifadə edib sağ-salamat həmin yerdən qaça bilər.

Yamaykada maşında səyahət edərkən, növbəti təpəyə çatanda bir kənd sakininin mənə tərəf gəldiyini gördüm.

Bu ucqar yerlərdə xaricilər olmur. Birdən-birə ətrafa maraqla baxan, solğun rəngli insanı görəndə, həmin kəndli, çox güman ki, məni həmin o kinli Duppy-yə bənzətmişdi.

O birdən əlindəki çınqıl daşları yola ataraq işıq sürətilə harasa qeyb oldu.

Mən isə yolumu davam etdirdim və öz xarici görünüşümlə həmin insanı istəmədən qorxutduğum üçün təəssüf hissi keçirdim

Biz inanmırıq, amma ümumiyyətlə inanırıq

Xəyallar, elflər, məleykələr, trollar və digər cisimsiz varlıqlardan söhbət düşəndə çox vaxt insanlar bir-birinə zidd şeylər danışır.

Bir neçə il əvvəl İslandiyada bir sorğu aparılıb.

Birinci sual belə olub: "Siz ruhlara, trollara və elflərə inanırsanmı?" Soruşulanların 70 faizi "yox" cavabı verib.

Sonra fərqli mövzularda suallar verilib və axırıncı sualda yenidən birinci sualın mövzusuna qayıdış olub: "Dostlarınızdan kimsə sizə desə ki, kabuz, elf və ya trol görüb, onlara inanarsınızmı?" Bu dəfə respondentlərin 70 faizi - eyni adamlar"hə" cavabı verib.

Tavandakı ayaqlar

İnsanlar belə əhvalatları xoşlayırlar.

Oxford-dakı kollecimdə guya bir kabus yaşayırdı - Reformasiya dövründə edam olunmuş bir yepiskopun, guya, ruhu idi.

Deyilənə görə, guya, sağlığında bütün vaxtını kollecin kitabxanasında keçirərmiş - və guya, indiyə qədər oralarda onun ruhu dolaşır və tələbələri vahiməyə salır. Çünki, ötən yüzilliklər müddətində kitabxananın döşəməsinin səviyyəsi təxminən 25 sm hündürlüyündə qalxıb və deyilənə görə, indi kitabxananın altında yerləşən birinci mərtəbədə yaşayan tələbələr hərdən bir tavanın altında harasa yeriyən kabuslu ayaqlar görürlər.

Britaniyalı tələbələrin yaxşıca içki içmək həvəskarı olmalarının bu əhvalatlara əlbəttə ki, heç bir aidiyyəti yoxdur.

Deyildiyinə görə, BBC Ümumdünya Xidmətinin əvvəllər yerləşdiyi, Londonun Bush House binasında Rus xidmətinin otağının qonşuluğunda yerləşən yardımçı pilləkəndə yaşlı qadının kabusu gəzib-dolaşırmış.

Həmkar əməkdaşlar iddia edirdilər ki, otaqdakı avadanlıq düz gecəyarısı öz-özünə işə düşməyə başlayırdı. Bilmirəm, görməmişəm, inanmıram, lakin gözəl bir hekayədir.

Təcavüzkar kabus

Günlərin bir günü Cape Town-a qohumlarımı ziyarət etməyə yollandım.

Yanvar ayı idi, yay mövsümünün ortası - odur ki, eyvanda döşəyin üstündə yatırdım.

Səhər gələn bağban çox təəccüblənib mənə dedi ki, belə yatmaq çox təhlükəlidir çünki mənə "tokoloşe" hücum edə bilər.

Tokoloşe - alçaqboylu və çox kinli bir kabusdur.

Gecələr o, çarpayının altından çıxıb yuxuya gedən qadın və ya kişini zorlayır.

Amma həmin bu kabusun boyu balaca olduğundan o, hündür ayaqlı yatağa dırmaşa bilmir.

Döşəmənin üstündə döşəkdə yatanın isə tokoloşenin qurbanına çevrilməsi ehtimalı çox böyükdür.(Milli.az)

Amma mənə, deyəsən, oralarda hücum edən olmadı.

Qazanc

İnsanların sadəlövh olduğunu düşünüb gülümsəyirsinizsə, hazırda bazar iqtisadiyyatı şəraitində yaşadığımızı da yada salın.

Çünki kabuslardan qazanc əldə edənlər var. Söhbət falçı, ovsunçu və sehrbazlardan getmir. Bu, ən yaxşı halda folklordur və burada böyük pullar dolaşmır.

Söhbət çox hörmətli adamlardan gedir.

Götürək, misal üçün, yepiskopları.

Oxford-da, mənim kollecimlə qonşuluqda olan kollecdə birdən-birə kabus peyda olmuşdu. Heç kimin gözünə görünməyən və seksual qayğılı həmin kabus qaranlıqda qızların ombasından yapışırdı.

Hadisə 1980-ci illərdə baş vermişdi.

Qızlar kollec rəhbərliyinə şikayət etdilər. Rəsmilər bu şikayətə ciddi yanaşıb Anqlikan kilsəsindən yerli yepiskopu köməyə çağırdılar.

Sən demə, hər bir yeparxiyada cinlərin qovulması üzrə xüsusi komitə varmış.

Yepiskop və onun köməkçiləri kollecə gəlib, belə hallar üçün nəzərdə tutulmuş bütün mərasimləri yerinə yetirərək xüsusi dualar oxudular.

Bundan sonra qız tələbələrə toxunan olmadı.

Bu xidmətə görə yepiskopa pul ödədilər, baxmayaraq ki, o, müftə verilmiş iqamətgahda yaşayır və ildə 45 min funt sterlinq maaş alır.

Amma bu da qeyd olunmalıdır ki, Anqlikan kilsəsinin yepiskopları və dini xadimləri cinlərin qovulması işi ilə o qədər də çox pul qazana bilməzlər, çünki belə tapşırıqlara onları nadir hallarda dəvət edirlər.

Lakin elə dinlər var ki, orada cinlərin qovulması işi sənaye miqyası həddinə çatıb və bəziləri üçün olduqca yaxşı qazanc mənbəyinə çevrilib.

Dindən psixoterapiyaya qədər

Puerto Riko paytaxtı, San Juan şəhərində bir dəfə yerli iki sakinlə birgə Santeria adında dinin kahini - santero ilə görüşə yollandım.

Santeria, vudu dininə bənzər, katolisizm və ənənəvi Qərbi Afrika inanclarını özündə birləşdirən sinkretik bir dindir.

Dini mərasimlər bu dində lukuma dilində aparılır.

Santeriyaya, əsasən Kuba və Puerto-Riko-da və eləcə də bu ölkələrdən olan köçkünlərin yaşadığı ABŞ-da sitayiş edirlər. Söhbət milyonlarla insandan gedir.

Biz adi santero ilə görüşə getmirdik. O, xristian terminologiyasından istifadə etsək, aparıcı yepiskoplardan biri idi.

Şəriklərimin ondan nə istədiyklərini bilmirəm, amma mən pis ruhların qovulması seansında iştirak etmək istəyirdim.

Santero dedi ki, seansa gələnlərdən biri buna razı olarsa, o, mənim mərasimi izləməyimə etiraz etməyəcək.

Bir qız razılaşandan sonra, biz santeronun qəbul otağına daxil oluruq.

Qız deyir ki, görünür, ona kimsə cadu edib və hansısa pis ruhlar ona sevgilisilə münasibətlərdə, pul və ailəsilə münasibətlərdə problemlər yaradır.

Santero bunu dinləyib ayağa qalxdı, masanın üstünə bir neçə balıqqulağı, ovsunabənzər nəsə oxuyaraq və əlində nəyisə yelləyərək yerinə oturdu.

Sonra Woody Allen-in filmlərində olduğu kimi ənənəvi bir psixoterapiya seansı keçirildi.

Yarım saat sonra o, yenidən yerindən qalxıb əvvəlki hərəkətlərini təkrarladı və qıza dedi ki, hər şey yaxşı olacaq, ruhdan xilas olmaq mümkündür, amma bunun üçün o, özünə ağ göyərçin almalı, onu yaxşı yemləndirməli və bir həftə sonra həmin göyərçinlə geri dönməlidir.

Hər bir belə seans pulsuz olmadığı kimi ucuz da deyil.

Bizdən sonra hələ 20 adam öz növbəsini gözləyirdi.

Santero nəhəng bağ-baxça ilə əhatə olunmuş bahalı bir villada yaşayırdı. Onun evi San Juan şəhərinin elit və yaxşı mühafizə olunan rayonunda yerləşirdi.

Santero mənim yol yoldaşlarıma da ağ göyərçin almağı tövsiyə etdi.

Həmin gün şəhərdə satış üçün olan göyərçinlərin qıtlığı yaranmışdı.

Cinlərin qovulması ilə mənə məlum olan bütün dinlərin nümayəndələri məşğul olurlar və bunu pulsuz etmirlər.

Bəzən iş hətta adam döymə halına da gedib çıxır.

London xəstəxanalarında hər il hansısa evangelist pastor tərəfindən döyülən xəstələr peyda olur, amma bunun özü, ayrıca əhvalatdır.

İnsanlar hər nədən desən, pul çıxarır.

Mən isə Yamaykadan olan tanışlarıma Duppy-nin nə olduğunu bilməyimdən qürurla bəhs edirəm. Hətta bir qorxmuş kəndlinin gözündə bu kabusun özü olmağımdan da danışıram.

Yeri gəlmişkən, bu məqalədəki bütün şəkillər də bu əhvalatları sizə danışan və ömründə çox şey görmüş müəllifin əl işləridir.


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 278 227 272 203 225

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.