Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Hərəkətsizliyin səbəb olduğu ölümlər...

  • Müəllif  Asef

 

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yerdədir. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ildə ölkədə 55 648 nəfər dünyasını dəyişib. Onların 33 453-ə qan dövranı sistemi xəstəlikləri səbəb olub. 2013-cü ildə isə 34 379 nəfərin həyatına bu xəstəliklər son qoyub. Hər il insan ölümünə səbəb olan xəstəliklər sırasında bu xəstəlik birinci olur. Ümumilikdə isə, son 23 ildə Azərbaycanda qan dövranı sisteminin xəstəliklərindən 662 minə yaxın adam həlak olub.

Bu xəstəlik tək Azərbaycan yox, bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklər siyahısındadır. Dünyada bu xəstəliklərin müalicəsi üçün hər gün müxtəlif metodlar, müalicələr təqdim olunsa da, yetərli olmur. Əslində bu xəstəliklərdən sığortalanmaq üçün möcüzəvi dərman axtarmağa da ehtiyac yoxdur. Sadəcə olaraq, sağlamlıq üçün vacib olan bəzi amilləri nəzarətdə saxlamaq yetər.

Əsas səbəb xolesterinli qidalardır

Tibb eksperti Adil Qeybulla bildirdi ki, qan dövranı sistemi xəstəliklərinin bütün dünyada çoxalmasına səbəb xolesterinli qidanı çox qəbul etməklə bağlıdır. Kimyəvi dillə desək, insan gün ərzində qəbul etdiyi xolesterinli qidanın kalorisini hərəkət etməklə yandırmalıdır: "Orqanizmə daxil olan qida ilə sərf edilən enerji balansı düzgün olmadığı üçün, bu xəstəliklər də dünyada geniş yayılmaqdadır. Bu gün hər bir işi asan şəkildə həll etmək mümkündür. Texnologiya günü-gündən inkişaf edir, insanlar isə hərəkətsizliyə daha çox meyilli olurlar. Xolesterinli qidaları qəbul edənlər hərəkət etmədikdə, orqanizmə daxil olan materiallar tam parçalanmır, kimyəvi dillə desək yanmır. Bu proses sona qədər getmədiyi üçün nəticədə ara məhsulları əmələ gələrək damarların divarlarına çökür. Bu da damarların vaxtından əvvəl tıxanmasına, daralmasına səbəb olur və ürək-damar xəstəliklərinə, insultlara, beyinə qan sızmasına, qan təzyiqinin yüksəlməsinə, infarkt və digər damar xəstəliklərinin inkişafına gətirib çıxarır. Həmin xəstəliklər isə ömrün qısalmasına, əmək qabiliyyətinin vaxtından əvvəl itirilməsinə səbəb olur".

Dünya bu xəstəliklərlə mübarizə aparır

A.Qeybullanın sözlərinə görə, dünyada da bu xəstəliklərlə mübarizə aparılır. İnkişaf etmiş ölkələrdə kütləvi idmanın inkişafı, insanların hərəkətliliyinin təmin olunması istiqamətində xeyli proqramlar həyata keçirilir: "O baxımdan mümkün qədər saat 5-dən sonra yağlı qidalar yeməkdən çəkinmək, hərəkətdə olmağı təmin etmək lazımdır. Hər gün bir neçə kilometr piyada gəzməyə, enerjinin sərf olunmasına orqanizmin ehtiyacı var. Bütün bunlar ürək-damar xəstəliklərinin ilkin profilaktikası üçün əsas şərtlərdəndir. Mütəmadi olaraq 40 yaşdan sonra həkim müayinəsində olmaq, aspirin qəbul etmək, və s buraya aiddir".
Ekspert deyir ki, bu xəstəliklər yalnız yaşlı insanlar deyil, gənclər üçün də aktualdır. Ona görə də hər kəs hərəkətliliyini təmin etməlidir: "Bütün yaş qruplarında insan aktiv olmalıdır. Təcrübə göstərir ki, 20-25 yaşdan sonra damarlara xolesterin məhsullarının çökməsi başlayır. Bu da artıq problemin yaranması deməkdir".
Bu xəstəliklərin hansı hallarda ölümlə nəticələnməsi haqda danışan A.Qeybulla bildirdi ki, həyati əhəmiyyəti olan orqanlara qan yaxşı getmədikdə ölümə səbəb olur. Ürək infarktı, beyinə qan sızmaları, işemik insultlarda ölüm halları yüksəkdir.

Müalicədən çox profilaktika

A.Qeybulla deyir ki, bu xəstəliklərdə müalicədən çox profilaktika önəmlidir. Əgər hansısa orqanda qan təchizatı ilə bağlı problem aşkar olunarsa, həkim nəzarəti altında müalicələr təyin edilir. Bu cür xəstələr vaxtaşırı müayinə və müalicədə olurlar. Xəstəliyin yaranmasının qarşısını almaq üçün müxtəlif rejimlərdə, işarası nahar vaxtı, işdən sonra hərəkət təmin oluna bilər. Bu problemlə üzləşməmək üçün daim hərəkətdə olmaq, fiziki aktivliyi qorumaq lazımdır.
Xəstəliyin yaranma səbəbləri müxtəlifdir

Həkim-terapevt Məlahət Abbasova deyir ki, qan dövranı xəstəlikləri arasında təhlükəliliyinə görə birinci yerdə infarktlar durur. Bu xəstəlik gözlənilməz olur və vaxtından əvvəl ölüm gətirir. Qan dövranı xəstəliklərinin yaranma səbəbləri isə müxtəlifdir: "Stress, qanda xolesterinin miqdarının artması qan dövranı pozğunluqlarına gətirib çıxarır. Gələcəkdə stenokardiya tutmaları da yarada bilir ki, buna da fikir vermədikdə infarkta gətirib çıxarır. Hər əsəb, həyəcan damarların yığılmasına səbəb olur. Hər damar yığılanda isə qanda hormonların miqdarı artır və bu, damarların spazmına gətirib çıxarır. Bu da damarların divarlarının qalınlaşmasına, infarkta şərait yaratmış olur".

Xəstəlik gəncləşir

Həkim deyir ki, əvvəllər bu xəstəlik 40 yaşından yuxarı aktual olurdusa, indi artıq 30 yaşdan qabarmağa başlayır. Ona görə də 30 yaşdan yuxarı bütün insanlar çəkilərinə, qidalarına fikir verməli, stressdən uzaq durmağa çalışmalıdırlar. Profilaktik müayinələr, ehtiyac varsa, müalicələr etmək lazımdır: "30 yaşdan sonra qadınlar və kişilər vaxtında müayinələrdən keçməlidirlər. İldə iki dəfə ürəyin elektrokardioqramması çıxarılmalı, qanın tərkibi yoxlanmalıdır. Bu gün hər kəs stressin içindədir. Nə qədər qaçmağa çalışsalar da, şəhər həyatı, tıxaclar, iş həyatı insanları stressdən uzaq qalmağa qoymur. Nəticədə isə insanlar xəstəliklərlə üz-üzə qalırlar. Ona görə də mümkün olduğu qədər əsəbdən uzaq durmaq lazımdır. Çünki burada söhbət sağlamlıqdan gedir".

M.Abbasova bildirdi ki, yol gedəndə, 3-cü mərtəbədən yuxarı pilləkənlə qalxanda sinədə ağrı yaranırsa, tənginəfəslik olursa, bu, ürək xəstəliklərinin əlaməti ola bilər: "Kimin belə problemləri varsa, tez aradan qaldırılması üçün vaxtında həkimə müraciət etməlidir. Müalicə alanda və həkimin dediklərini yerinə yetirəndə bütün xəstəliklərin profilaktikası olur. Xəstəliklərin profilaktikası aparılmasa, 70-80 yaş üçün xarakterik olan xəstəlik insanı 50 yaşda yaxalayır. Burada hər şey insanın özündən asılıdır".

Problemləri ağrıkəsicilərlə yola vermək olmaz

Bu xəstəliklərdən ölənlərin çox olması haqda danışan həkim bildirdi ki, insanlar sağlamlıqlarına diqqət etsələr, problemlə üzləşməzlər: "Baxır xəstə hansı halda həkimə müraciət edir. Çünki həkimin müalicəsi ağır variantda istənilən effekti verməyə bilər. Bəzən elə həddə çatır ki, heç həkimə gətirməyə də vaxt yetirmir və ölüm baş verir. Əksər insanlar ağrılar başlayanda fikir vermirlər, ağrıkəsicilərlə yola verirlər. Problem tam ağır həddə çatanda həkimə müraciət edirlər. Əgər hansısa hissədə ağrı varsa, deməli, bu hansısa problemin göstəricisidir. Bunu ağrıkəsicilərlə yola vermək sağlamlığı təhlükə altına atır. Ağrıkəsicilər müvəqqəti olaraq ağrıdan xilas edir. Problem varsa, o günü-gündən ağırlaşa bilər. Elə ağrıkəsicilərin özlərinin də zərərləri var. Ona görə problem olduğunu hiss edəndə müayinədən keçsinlər ki, həkim də vaxtında yardım edə bilsin".

Vaxtında müraciət xəstəliyin qarşısını almağa kömək edir

Həkim onu da bildirdi ki, problemi olanda vaxtında müraciət edən insanlar da olur. Onlara müalicədən çox, profilaktik tədbirlərlə kömək edilir: "Düzdür, bu xəstəliklərlə bağlı daha çox insanlar müalicə üçün gecikirlər. Amma vaxtında xırda bir narahatçılıq hiss edəndə müraciət edənlər də olur. Onlar sağlamlıqlarını nəzarətdə saxlayan, vaxtında müayinələrini etdirən insanlardır. Bu cür hallarda müalicəylə yox, profilaktik tədbirlərlə xəstəliyin qarşısını ala bilirik".



Oxşar mövzular:
  • Ağır xəstəliklərin kütləviləşməsinin səbəbi - spirtli içkidir
  • Öncə müayinə, sonra nikah
  • Azərbaycanda ağır xəstələrin əksəriyyəti vaxtında həkimə getməyənlərdir
  • "Onun dərman yazması cinayətdir!"
  • Əllərimiz hansı xəstəliklərdən xəbər verə bilər?


  • Gerİ dön


    2 şərh


    • Məlumata görə sağolun


    • la la
    • Xəbərlər: 0
    • Şərhlər: 211
    • İCQ:


    • Məlumata görə sağolun

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031