Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ən güclü şəxs - istəklərini əqlinə tabe edəndir

  • Müəllif  Asef

 

Allaha həmd edirik ki, bizə bu ləyaqəti, dərki, şüuru nəsib etdi ki, həyatımızı bihudə yerə yaşamaq istəməyək. Allah Təala tofiqat verdi ki, həyatın mənasını anlamağa çalışanlardan olaq.

Nə üçün bu dünyaya gəlməyimizin, nə kimi missiya daşıyıcısı olmağımızın üzərində düşünək. Haradan gəldiyimizi, harada olduğumuzu, haraya gedəcəyimizi, nə etməli olmağımızı - ömrümüzün ən mühüm şüarlarından qərar verək. Allahdan bu dünya və axirətdə əziz Peyğəmbərimizlə (s) və onun pak Əhli-Beyti (ə) ilə məhşur olmağı diləyirik.

Mübarək Ramazan ayı ilə Məhərrəm-Səfər əyyamının oxşarlığı

Əslində daxil olduğumuz əyyam müəyyən cəhətlər baxımından mübarək Ramazan ayı ilə müqayisə oluna bilir. Mübarək Ramazan ayında insanlar bir ay boyunca özlərini səfərbər edir, oruclarını tutur, zahiri çəkinmələri bacarmalarını göstərməklə yavaş-yavaş daxili, batini, ruhi, fikri mövzularda da çəkinmələrini artırmağa çalışırlar. Bu ayda insanlar Allahın əmri olduğu üçün günün bəlli hissəsini yemirlər, içmirlər, müəyyən şeylərdən imtina edirlər. Əslində bu, bir məktəb, ibrətlər, dərslər toplusudur ki, bunu bacarmaq mümkündürsə, həqiqi oruc tutan öz ruhiyyəsində, düşüncəsində, qəlbində də dəyişikliyə nail ola bilər. Onun qəlbi, ruhu, təfəkkürü oruc tuta bilər. O, mənfi zənlərdən, nəfsani istəklərin məftunu olmaqdan, onların əsarətində olmaqdan azad ola bilər. Ramazan ayında zahiri oruc tutmaqla bizlər daxilimizdə də oruc tutmağı öyrənirik. Bu baxımdan mübarək Ramazan ayı Məhərrəm-Səfər əyyamına çox oxşayır. Məhərrəm-Səfər əyyamında əzadar zahirdə Əhli-beytlə (ə), Allahın yaratdığı varlıq aləminin ən üstünləri ilə, Peyğəmbər (s) və onun pak Əhli-beyti (ə) ilə həmdərd olmasını, onlarla nəfəs almasını, onlarla birgə olmasını zahirdə yaşamış olur. Əzadar, iki ay ərzində öz əhval-ruhiyyəsini zahirdə Məsumlarla (ə) uyğunlaşdırır. Başqa tarixlərdə də sevinclərini Məsumlarla (ə) uyğunlaşdırır.

Məhərrəm-Səfər əyyamında, Ramazan ayında olduğu kimi, zahiri məsələləri yaşatmağın xüsusi əcri və savabı var. Zahiri məsələlər bu əyyamda o qədər önəmlidir ki, əgər misal üçün, bu gün Əhli-beytin (ə) müsibətini dərk edərək kədərli olmağa tutumun, hazırlığın, yetkinliyin hələlik yoxdursa, özünü kədərli kimi göstərmək də belə, tövsiyə edilir. Hətta bunun da əcri və savabı var. Əhli-beytin (ə) yaşadıqlarını duymaq və daxildən cuşa gələn hisslərin nəticəsi olaraq kədərlənmək durumun yoxdursa, zahiri kədərlənməyə də icazə verilir. Başqa yerdə əksinə, zahiri görsəntilərin batini durumun nəticəsi olması tövsiyə edilir. Amma bu iki aylıq əyyam istisnadır. Çünki bu ayda olunan bütün ibadətlər, bütün əzadarlıqlar Allaha, Onun yaratdığı ən gözəl insanları sevdiyinə görədir. Zahirdə əzadar olursan, zahirdə Əhli-beyt (ə) ilə sinxron vəziyyətə gəlirsən, onlarla uyğunlaşırsan, birgələşirsən - bununla da yavaş-yavaş daxildə də dərkin artır və həqiqi əzadara çevrilməyə başlayırsan. Bu mənada, bu iki ay ərzində xoş olsun o kəslərin halına ki, əzadar olurlar, iradəvi kədəri yaşatdılar.

Qazandıqlarımızı ilboyu necə qoruyub saxlayaq?

İnsan Məhərrəm-Səfər əyyamında Əhli-beytlə (ə) tanış olmağa başlayır. Duyğularını onlara tərəf, onların kədəri ilə, onların yaşadıqlarına tərəf uyğunlaşdırmağa başlayır. Hərə öz tutumuna, vəziyyətinə, halına görə bu əyyamdan bəhrələnir. Amma, o qədər bərəkətli məktəbdir Aşura məktəbi ki, hərə buradan bir feyz, bir pay apara bilir. Necə ki, Ramazan ayında İlahi bir süfrə açılıb və hər kəs bu ziyafətə daxil olsa, bir pay aparır, eləcə də əyyamı yaşadan əzadar bu əyyamdan çıxanda mütləq onun halında bir dəyişiklik olur. Bu əyyamda axıdılan göz yaşlarının, yaşanan kədərin insanın ilboyu həyatına təsiri olur. Çalışmalıyıq ki, bu təsir davamlı olsun və bu təsirin yaratdığı bərəkəti gərək əldən verməyək. O gözlər ki, bu əyyamda onlardan Hüseyn (ə) üçün göz yaşı axıb, onlar harama tərəf baxmasın. O dillər ki, bu əyyamda "Hüseyn, Hüseyn!" deyib, o dilləri yenidən pis sözlərə, yalana, qeybətə tərəfə qayıtmağa qoymayaq. O ruhiyyə ki, bu əyyamda Kərbəla məktəbindən dərs alaraq fədakarlıqla, şəfqətlə, mövqeliliklə uyğunlaşıb, onu ilboyu yaşatmağa çalışaq.

Həyanı yaşatmaq

Kərbəla barədə danışarkən, bir mühüm nöqtəni qeyd etməliyik. Kərbəlada həya daşıyıcıları, həya təcəssümləri və bundan məhrum olanlar qarşı-qarşıya gəlmişdi. Bir tərəfdə Allah razılığını düşünənlər, digər tərəfdə isə bunu heç xatırlayamanlar vardı. Qeyd edək ki, İslamın gəlişinin əsas məqsədlərindən biri də həyanı yaşatmaqdır.
Günümüzdə həya - ən aktual mövzulardandır. Son 10 ildə yaşayışımızda da həya mövzusu sanki gündəmdən çıxmaqdadır. Bundan əvvəl kişilərin öz həyası, qadınların öz həyası, uşaqların da öz həyası olardı. Amma bu gün bir mərhələ gəlib ki, insanlıq adına olan durumun vəziyyəti ilə bağlı danışmaq lazımdır.
Əziz İslam Peyğəmbəri (s) buyurur: "Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır". Həya olmayan yerdə İslam yoxdur.

İmam Sadiq (ə) buyurur: "Həyası olmayanın imanı yoxdur". Belə başa düşülür ki, imanın ən ciddi göstəricilərindən biri də həyadır.

Əmirəlmöminin Həzrət Əli (ə) həya barəsində buyurur: "İnsanların ən ağıllısı - onların ən həyalısıdır". Həya varsa, ağıl var, həya yoxdursa, ağıldan danışmaq olmur. Deməli, ağılın ən ciddi varlığı həya ilədir. Həya - insanı çirkin işlərdən, günahlardan, yalandan və sairədən çəkindirən İlahi əmanət hissidir. Həya olmasa, özünü Allah hüzurunda hiss etməyən insan yalan danışacaq, heç kim onu görməyəndə və bilməyəndə rahatlıqla mənfi işlər görəcək. İnsan özündən və Allahdan həya edəndə, tamamilə başqa bir vəziyyət yaranır.

İnsan həyalı davranmasa, deməli, imanında, etiqadında bir müşkülü var. Ən ağıllı insan o insandır ki, başa düşür ki, onu bir yaradan var və o, elə-belə yaşamır. Həyanın zirvəsi - insanın özünün özündən həya eləməsidir. Belə olsa, şagird dərs oxuyar, müəllim dərs deyər. Belə olsa, kişi həya edər və ailəsinə əmanət kimi baxar, qadın da həya edər həyat yoldaşı ilə Allah bəyənən rəftarı sərgiləyər.

Bu gün dünyanın ən böyük müşkülü budur ki, həyanın aradan getməsini istəyirlər. Gina (haram musiqi) və rəqs - həyanı aradan aparan ən ciddi mövzulardan biridir. Onların və mənasız məclislərinin vasitəsilə həyanı aradan aparırlar. Lənətlik şeytanın hoqqlarından biri də budur ki, bəşər övladı haram səhnələrə və ona yaxın səhnələrə baxsın. Bununla da ailədə həya aradan gedir. Çox diqqətli olmaq lazımdır. İmam Sadiq (ə) buyurur: "İman və həya ayrılmaz dostdurlar, biri gedərsə, o biri də gedər".

İmam Sadiqdən (ə) ağılın meyvəsi barədə mübarək bir buyuruş var. Həyanın da meyvəsi ismətdir. Həya olanda, həyata xeyir-bərəkət gələr. Allahdan istəyirik ki, hallarımıza nəzər salmağı bizə nəsib etsin. Həya etsək, Allah dərgahında əməllərimiz düzələr. Allahım, bizləri həyalılardan qərar ver!

Fəsad və qarışıqlıqla zəngin dünyada özünə sahib çıxmaq

Əhli-beytin (ə) həyatı, davranışları, buyuruşları bütün bəşəriyyət, insanlıq üçün hər dövrdə örnək və yolgöstərəndir. Əhli-beytin (ə) buyuruşları bizi öz qiymətimizi bilməyə, dünya həyatımızdan axirətimizi qazanmaq üçün istifadə etməyə sövq edir. Əhli-beytin (ə) buyuruşları əslində həm də onların həyat tərzi, yaşadıqlarıdır ki, bizlərə, Əhli-beyt (ə) yolunu getmək istəyənlərə də onlarla uyğunlaşmaq üçün göstərişlər verir. Bu fəsad mühitində, bu qarmaqarışıq dünyada Əhli-beytin (ə) buyuruşları əslində bir yolgöstərən, yolumuzu aydınlatan çıraqdır. Allaha bəndəlik yolunun yolçusu da gərək iradəvi olaraq öz seçimlərini etsin, bu buyuruşlardan bəhrələnərək, düz yolu görsün və Allaha tərəf hərəkət etsin.

Virtual dünyanın qəflət potensialı

Çox qarışıq və özünəməxsus olan bu dünyada iman əhli özünü toparlaya bilməli və qəflətdən ayılmalıdır. Qəflət çox ağır mövzudur. İnsan Məkkədə, həcdə, Kəbə ziyarətində belə olaraq, qəflətdə qala bilər. Namaz qılar, amma namaz qılmasının fərqində olmaz, qəflətdə olar. Bir də xəbər tutar ki, namazda Allahdan başqa hər şey barədə düşünüb. Çox çətin bir dünyada yaşayırıq. Hər tərəfdən əhatə olunmuşuq. Bütün müasir texnologiyalar öz faydaları ilə yanaşı, ən böyük zərərini də verib - bizi özümüzdən alıb. Əgər bunlar bizi özümüzdən alırsa, artıq bu barədə ciddi fikirləşməliyik, onlarla bağlantımızı zəiflətməliyik, lazım gəlsə, müvəqqəti olaraq istifadəni də azaltmalıyıq. Bütün vasitələr ki, bizi özümüzdən alır, Allaha bəndəçilik yolumuzdan sapdırır, onlara "dayan!" deməyi bacarmalıyıq. İradəviliyin təzahürü tək real dünyada nəfsani məsələlərdə özünü göstərməyəcək. İradə - insanın başını qatan, insanı məşğul edən, özündən, öz vəziyyətindən ayıran hər bir vasitəyə qarşı dayanmağı bacarmaqda özünü göstərəcək. Əgər insan bunu bacaracaqsa, aqibətinə də təsiri olacaq.

Öz qiymətini bilən insanlar

İman əhli - bu fəsad mühitinin içərisində, bu qarışıq dünyada Rəbblərinin buyuruşunu seçənlərdir. İman əhli Allaha itaətin lazımlılığını dərk edib, bu istiqamətdə hərəkət etməyə başlayıb. Əslində bu, çox çətindir. Nəfsani istəklər bir tərəfdən öz işini görür, mühit öz işində, şeytan (lən) müxtəlif oyunları ilə öz işlində. Belə bir dönəmdə insan əgər toparlana bilirsə, namazında, ibadətində ola bilirsə, Allaha bəndəliyini edə bilirsə, Əhli-beytin (ə) sevincli və kədərli günlərində öz ruhiyyəsini onlarla uyğunlaşdıra bilirsə, yediyinə, içdiyinə diqqət edə bilirsə, hərəkətlərinə, davranışlarına diqqət edə bilirsə, xoş olsun o insanın halına. Həzrət Əmirəlmöminin (ə) bu cür insanları dəyərləndirərkən onları öz qiymətini bilən insanlar kimi tərənnüm edir. Həzrət Əli (ə) buyurur: "Kim özünə qiymət qoysa, həvayi-nəfsinin istəkləri onun gözündə dəyərdən düşər". O insanlar ki, həvayi-nəfslərini nəzarətə almağı, tənzimləməyi bacarır, məsələlərə ağılla, düşüncə ilə yanaşır və aqibətini düşünərək hərəkət və davranışlarını tənzimləyirlər - bu insanlar öz qiymətlərini bilən insanlardır. Kim özünə qiymət qoysa, həyatını bu istiqamətdə qurar.

Həvayi-nəfsə qalib gəlməyin yolu təfəkkürdən keçir

Bu cür yaşamağın yollarından biri - düşünmək, təfəkkür etməkdir. İman əhli özü haqqında düşündüyünə, təfəkkür etdiyinə görə bu uğura çatır. Bunu ediriksə, gərək səyləri artıraq, daha da çox edək. Xatırlamalıyıq ki, bu dünya - müvəqqətidir. Rəbbimiz Həzrət Musaya (ə) vəhy etdi: "Yadında saxla ki, sən qəbir sakini olacaqsan. Bu xatırlama səni nəfsani istəklərin çoxundan saxlayacaqdır". Niyə iman əhli, Əhli-beyt (ə) aşiqləri halal-harama riayət etməyi, Allah bəndəsi kimi yaşamağı bacarırlar? Ona görə ki, onlar bu dünyanın müvəqqətiliyinin, ötəriliyinin, bu dünyanın bir keçid olmasının fərqindədirlər. Əgər adam bunun fərqində olsa, Allaha bəndə olaraq yaşaya bilər. Yaşadığımız mühitin içərisində bütün təhriklər, qıcıqlar bunun əksini etdiyi zaman, əgər insan Allah bəndəsi kimi yaşaya bilirsə, deməli fərqindədir ki, bir gün qəbir sakini olacaq.

Öz daxilini fəth etmək

Həzrət Süleymandan (ə) həvayi-nəfsə qalib gəlməklə bağlı çox incə buyuruş var. Həzrət Süleyman (ə) buyurur: "Öz nəfsi istəyinə qalib gəlmiş şəxs, təkbaşına bir şəhəri fəth etmişdən də güclüdür". Yəni bir insanın bütöv bir şəhəri fəth etməsi, olduqca böyük hünər tələb edir. Bunu elə bir insan deyir ki, bu qədər gücə və qüdrətə sahib insan olub. Həzrət (ə) bizi ciddi mövzuda xəbərdar edir. Bildirir ki, insanın öz daxilində fəth olunmalı, qalib gəlinməli, mübarizə aparılmalı böyük məsələlər var. Əgər onu bacarsa, nəfsani istəklərini üstələyə bilsə, özünün daxilini fəth etsə - bu insan bir şəhəri fəth etmişdən daha güclüdür.

Əziz İslam Peyğəmbəri (s) buyurur: "İnsanların ən şücaətlisi - öz nəfsi istəyinə qalib gələn şəxsdir". Ən şücaətli şəxs o kəsdir ki, həvayi-nəfsinə qalib gəlməyə gücü çatır. Peyğəmbərimiz (s) yenə buyurur: "Pəhləvan - camaata qalib gələn deyil, öz nəfsinə qalib gələn kimsədir". Daxilimizdə bir savaş var. Möminlər o kəslərdir ki, bu savaşdan qalib çıxır. Bu savaşın mənəvi pəhləvanlarıdır əslində möminlər.

Allahım, bizi Məhərrəm-Səfər əyyamında qazananlardan qərar ver!
Allahım, bizə bu əyyamda qazandıqlarımızı ilboyu qoruyub saxlamağı nəsib et!
Allahım, bizi həvayi-nəfsimizlə mübarizədə qalib et!
Allahım, bizi nəfsimizin qulu olmağa qoyma! Amin!

Hacı İlqar İbrahimoğlu



Oxşar mövzular:
  • Allah hansı 4 şeyi hansı 4 şeydə gizlədib?
  • Qeyri-müsəlmanlara görə də xeyir duası etmək olar
  • Allaha mərifətin paradiqması
  • Cümə söhbətləri
  • Bu Gun "Rəcəb" ayi DaxiL olur..


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930