Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“Təqva” insan üçün ən böyük qüvvədir

  • Müəllif  Asef

“Təqva” insan üçün ən böyük qüvvədir

 

Allaha çox şükür ki, biz qəzavü-qədərə inanmış adamlarıq. Bilirik ki, hər şey Allah-Təalanın bilgisi daxilində cərəyan edir və Onun razılığı, xəbəri olmadan bir yarpaq belə budağından qopa bilməz. Amma bu fikirdə də böyük həqiqət var ki, ömür adlanan bu yolda insan əksər hallarda öz əməllərinin nəticələri ilə üzləşir. Allah-Təala zalım (əstəğfrüllah) deyil, çox-çox mərhəmətlidir. Hətta o qədər mərhəmətlidir ki, insan ard-arda günah əməllər işləyəndə belə O səbr edir, gözləyir, günahkarın tövbə edib doğru yola dönməsi üçün yetərincə möhlət verir. Təfsirçi alimlər deyirlər ki, Qurani-Kərimdə işlədilən "qəlbi möhürlənmiş" ifadəsi o insanlara şamil edilir ki, bütün yaxşılıqları, xeyir əməlləri tərk edir, gözü görə-görə, ağlı kəsə-kəsə günahlara dalır, ar, həya duyğusundan öz iradəsi ilə imtina edir və beləcə bütün varlığı, hissi, duyğuları üfunətə çevrilir, əlində-ovcunda yaxşıya yazılacaq bir şey olmadığı üçün heç şeytan da ona yaxın durmur. Əlbəttə, günahlardan çəkinməyən bir insan bugünkü xətasının nəticəsi ilə sabah üz-üzə gəlməlidir, istər bu dünyada, istərsə də axirətdə.

Allah-Təala (c.c.) ədalətlidir, mərhəmətlidir və bəndələrini də hər zaman ədalətli olmağa dəvət edir ki, onları mərhəməti ilə bürüsün. Düstura diqqət yetirirsinizmi?- Bir ərəbin ərəb olmayandan və eləcə də ərəb olmayanın ərəbdən heç bir üstünlüyü yoxdur, Allah qatında üstünlük ancaq təqva (bu sözün mahiyyəti haqda irəlidə bəhs edəcəyik) ilədir. Ədaləti görürsünüzmü, hansı irqə, dilə, xalqa mənsub olursunuz-olun, önəmli deyil, önəmli olan sizin Allah qarşısındakı duruşunuz, davranışınız, Onun əmrlərinə əməl etməyiniz, haram buyurduqlarından uzaq durmağınızla bağlıdır. Müsəlmanın həyatı dini terminlə ifadə etsək, "əmr bil məruf və nəhy anil münkər" arasında keçər, yəni Allahın bizə vəzifə olaraq əmr etdiklərini yerinə yetirmək və haram olaraq buyurduqlarından da uzaq durmaq arasında.

"Təqva" sözünü bir çox məqamlarda "Allah qorxusu" şəklində tərcümə edirlər və bəlkə də bu sözün dilimizdə qarşılığını daha çox ifadə edə bilən ifadə də elə budur. Amma nə edəsən ki, bizim insanımız "sevgi" sözünə can atdığı qədər də, "qorxu" sözündən hürkür. Burada nəzərdə tutulan "Allah qorxusu" ifadəsi əslində insanın harama meyl edərək özünü Allahdan məhrum qoyması anlamını ifadə edir. "Təqva" sözü "qüvvə" ilə eyni kökdəndir. Yəni həqiqi qüvvə günahdan qoruna bilmək, nəfsin istəkləri, şeytanın vəsvəsəsi qarşısında əyilməməkdir.  Əgər sən öz könlünü şeytan oylağına çevirərsənsə və bir dəfə də olsun nəfsinə "çor" deməzsənsə, əlbəttə Allah-Təala sənin üzünə baxmaz. Allah-Təala bir qulun üzünə baxmazsa, ondan mərhəmətini kəsərsə, külli-aləm yığışa, o yaradılış, o məxluq üçün zərrə qədər də fayda verə bilməz. İnsan üçün ən böyük fəlakət də elə özünü Allah-Təalanın mərhəmətindən məhrum hala gətirməkdir. Allah-Təala ilə qul arasında paralellik pozulursa, heç tərəddüd etmədən əmin olun ki, xəta bəndədədir, insandadır. Allah-Təala qüsursuzdur, Ona hər hansı eybi, çatışmazlığı isnad eləmək günahların ən böyüyü, bədbəxtliyin, nankorluğun zirvəsidir. O ən mərhəmətlidir, ən doğrudur, ən gözəldir, Onunla kimisə müqayisə etmək və ya kimisə Ona bənzətmək ədəbsizlikdir. Ona görə də "Allahdan qorxmaq" ifadəsini daha geniş müstəvidə anlamaq, qəbul eləmək lazımdır.

Gələk insanın özünə zülm etməsinə. Allah Rəsulu (s.ə.s.) buyurur:

- Halal da bəllidir, haram da bəllidir, ancaq bu ikisinin arasında şübhəli şeylər var. Necə ki, bir çoban öz qoyunlarını bir qoruğun kənarında otarırsa və o qoyunların hər an o qoruğa girmə ehtimalı varsa, şübhəli şeylərdən uzaq durmayanların da harama düşmə ehtimalı o qədərdir.

Bu hədisi-şərifdən də göründüyü kimi, haramdan qorunmağın yollarından biri də şübhəli şeylərdən uzaq durmaqdır. Bu mövzuda bir misal çəkərək fikrimizi daha geniş açıqlamağa çalışaq: insanın ən böyük düşmənləri onun öz nəfsi və şeytandır. Bu düşmənlər hər an ən müxtəlif yollarla, üsullarla, ssenarilərlə hücum edərək insanın əlindəkini qapmaq, onu  əsir almaq istəyirlər. Ona görə də insan gərək heç zaman həssaslığını, ayıqlığını əldən verməsin. İnsan açıq dənizdəki döyüş gəmisinə bənzəyir. Təsəvvür edin ki, siz bir döyüş gəmisisiniz və üzdüyünüz dəryada sizi müxtəlif düşmənlər gözləyir: suyun altına minalar düzülüb, uzaqdan torpedo mərmiləri sizi hədəfə alıb, bombardmançı təyyarələr hər an başınızın üstündən keçib sizi bombalaya bilər. Və bütün bu düşmənlərə qarşı da sizin müdafiə sistemləriniz var. Sizdə elə silahlar var ki, dənizin altında hər an qarşınıza çıxa biləcək minaları görüb zərərsizləşdirə bilir, suyun üzü ilə sizə doğru şığıyan torpedo mərmilərini partlada bilir, havada səsi eşidilən kimi bombardmançı təyyarələri vurub düşürə bilir. Amma bu döyüş silahlarının başında dayanmış əsgərləriniz bir an olsun belə mürgüləməməli, gözlərini hər an qarşınıza çıxacaq təhlükələrdən ayırmamalıdırlar. Bəli, insanın günahlardan, nəfsin istəklərindən, şeytanın vəsvəsəsindən qorumaq üçün kifayət  qədər müdafiə sistemləri var, Allah-Təala bu gücü, bu sistemi yaradılışdan insanın ruhuna, cisminə yerləşdirib, amma insan həssas olmazsa, ayıq davranmazsa, qarşısına çıxan təhlükədən gözünü, nəfsini çəkə bilməzsə, o andaca bir raket zərbəsi, ya bir mərmi ilə yaralanmış olacaq. Başqa misal göstərməyə lüzum görmürük. Yenə Sevgililər Sevgilisi Rəsulullahın (s.ə.s.) gözünü haramlardan qorumaq mövzusunda Həzrəti Əliyə (r.a.) söylədiyi bir düsturu xatırladaq:

"Ya Əli! İlk baxış yararına, sonrası zərərinədir". İlk baxış dedikdə sənin iradəndən asılı olmayaraq gözünə sataşan haramlar nəzərdə tutulur. Allah-Təala buyurmurmu ki, gözünüzü haramdan çəksəniz, şeytan oxlarından qorunarsınız və sizin bu əməlinizin mükafatını da Mən verərəm? - Əlbəttə, buyurur. Peyğəmbərimiz də məhz o müjdəyə əsaslanaraq gözləri haramdan qorumağı tapşırır. Bəli, hamımızın başına gələ bilir və gəlir də. Əgər gözümüzə sataşan haramdan ilk andaca Allah qorxusu ilə gözümüzü çəkiriksə, əmin olun ki, bunun mükafatı var; yox, əgər nəfsimizin istəyinə uyaraq "gözümüzün qurdunu öldürənədək" baxırıqsa, onda əmin olaq və qəbul edək ki, bir zamanlar gözümüzə sancılan şeytan oxlarını sayıldıqca üzüntümüzdən od tutub yanacağıq.

Bəli, dəyərli oxucular, qorunmağın yolları bəllidir: haramdan qaçmaq, Allah-Təalanın göstərdiyi istiqamətdə yerimək, dünyaya Allah-Təalanın göstərdiyi pəncərədən baxmaq və uca Yaradanın haram buyurduqlarından oddan qaçar kimi qaçmaq.

Qurani-Kərimdə cəhənnəmdən bəhs edilərkən "Yanacağı insanlar və daşlar olan və kafirlər üçün hazırlanan o dəhşətli atəşdən qorunun" (Bəqərə/14) buyurulmaqdadır. Təfsir alimlərimiz bu ayəti-kərimədə haqqında danışılan daşların bütlər olduğunu söyləyirlər. Hikmətə baxırsınızmı, bədbəxt məxluq Allahı unudub hansı bütə tapınırsa, elə o tapındığı ilə birlikdə yanacaq.
"Zaman Azərbaycan"



Oxşar mövzular:
  • Yaltaqdan necə qorunaq?
  • Allahın əmrinə şər demək əxlaqa yaraşarmı?
  • Tövbə - Allaha sığınmaqdır
  • Dinimiz asanlıq dinidir.
  • Halal və haram


  • Gerİ dön


    1 şərh

    • fidash
    • 5 dekabr 2015 10:03
    •  

    • Allah razı olsun...


    • Xəbərlər: 2
    • Şərhlər: 88
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Sentyabr 2020    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Style I Style II Style III