reklam
"Pis havalar” silsiləsindən "Pis havalar” silsiləsindən https://take.az/uploads/posts/2023-05/thumbs/1683962471_img_20230513_112027_955.jpg
ice berg

ice berg Şeirlər 13-05-2023, 22:00

"Pis havalar” silsiləsindən

"Pis havalar”  silsiləsindən
1. Məhsul bayramı

qonşu kişinin evində
məhsul bayramıdır hər gün –
qadın dodağından
gülüş dərilir...

2. Divar saatı

hərdən divar saatının
yerindən özümü asmaq
keçir ağlımın ucundan –
bəzən boş zamanları
öz bədəni ilə
doldurmağı bacarmalı insan!..

3. Elegiya

bir payız günü
babam öldü...
gözləri
qoşa pəncərə kimi
günəşə örtüldü –
evimiz qaranlıqda qaldı
günəşimiz soyuqda...

4. İzmir parkındakı qoca

hər axşamüstü
evinin yanındakı
İzmir parkına düşən qoca
bir gün
çəliyini fırladıb havaya
çırpıb yerə eynəyini
protez dişlərini
çıxarıb tolazlayaraq
yaxınlıqdakı
gül kollarının arasına
lap axırda da
sümükləri çıxmış
əlləri əsə-əsə
açıb şalvarının önünü
belə deyəcək
hamının eşidəcəyi səslə:
– dünyanı arxadan
qucaqlamağın zamanı gəldi!..

5. Bıçaq

küçənin ortasında
günün günortasında
gənc bir oğlan
üzüquylu yatır
asfalta dağılıb qanı
nəbzi ağır-ağır atır
ancaq
sırtına saplanmış bıçaq
yenə nə vaxtsa
alma soyacaq
kartof doğrayacaq!..

6. Can

ağır-ağır nəfəs alır
uçmuş divar
bu sizə qəribə gəlməsin -
uça bilirsə
deməli, divarın da canı var...

7.Tabut

son mənzilə apardığımız
doğma adamın tabutu
sanki indicə
çiynimizdən sürüşəcək

içindən
yarısı dişlənmiş
alma düşəcək...

8. Müharibədən parça

həmişə ərinin yaddaşsızlığından -
ad günlərini
toy ildönümlərini
unutmasından gileylənən qadın
yaman narahatdır indi -
nə gündüzlər dincliyi var
nə gecələr yuxusu
ona bir an olsun rahatlıq vermir
ərinin ayaqlarını
cəbhədə unudub
qayıdacağı qorxusu...

9. Vida

yollar, siz gedin,
mən yorulmuşam...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
179 172 150 185 178 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.