reklam
Xarı bülbül əfsanəsi Xarı bülbül əfsanəsi https://take.az/uploads/posts/2022-01/medium/1641308756_9bb64c62-6541-4aac-a2ae-f2a8a9e8ddf7.jpeg
aynure

aynure Xəbərlər 5-01-2022, 10:42

Xarı bülbül əfsanəsi

Xarı bülbül əfsanəsi
Əfsanəyə görə, bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Küləyin məqsədi gülü bülbülün gözləri qarşısında alçaltmaq imiş. Külək öz gücünə, qüvvəsinə həddindən artıq inanırmış. O əsəndə, hərəkətə gələndə, aləmi tozanağa bürüyəndə bütün canlılar onun qarşısında əyilərmiş. Müqavimət göstərmək istəyənləri isə yerlə-yeksan edərmiş. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirdilər. Yalnız zərif, gözəl, ətirli gül küləyin azğınlığına, yekəxanalığına tabe olmurdu. Bunu görən külək qəzəblənir:

- Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü hardan alırsan?

Gül inamla cavab verir:

- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, o, heç kəsə baş əymək istəmir. Mən bülbülü sevirəm. Onun saf məhəbbəti məni baş əyməyə qoymaz.

- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü...

Külək bu sözləri deyib kükrəyir. Elə bu vaxt bülbül sevgilisi gülün görüşünə gedirdi. Küləyin qəzəbi qarşısında gül dözə bilməyib bir yarpaq əyilir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü vaxtında gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyir. Külək daha da hiddətlənir. Bülbül gülün əyilən qamətini düzəldir. Ancaq gülün xarı (yəni tikanı) onun sinəsinə sancılır. Bülbül məhv olur, gülü bir addım belə əyilməyə qoymur. Elə həmin vaxtdan özünü məhəbbət uğrunda fəda edən bülbülün adı Xarı bülbül qalır.

Qarabağı Şuşasız, Şuşanı Cıdır düzüsüz, Cıdır düzünü də Xarı bülbülsüz təsəvvür etmək mümkün deyil. Tarixən bu gül Şuşanın rəmzi olub, haqqında bir çox əfsanələr, rəvayətlər söylənilib. Həmin rəvayətlərdən biri də budur.

Nikah diplomatiyasının qurbanı, ömrünün sonuna qədər vətən həsrəti çəkən İbrahimxəlil xanın qızı, Fətəli şahın arvadı Ağabəyim ağanın könlünü şad etmək, üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Qarabağdan, Şuşadan ağac, gül-çiçək gətizdirib əkdirir ki, Ağabəyim ağa doğma yerlərin havasını bu bağdan ala bilsin. Hətta bağbanı da Şuşadan gətirirlər.

Əkilən hər şey bitir, təkcə Xarı bülbüldən başqa. Onu dəfələrlə gətirib əksələr, nə qədər qulluq etsələr də, solub məhv olur. Bundan təsirlənən Ağabəyim ağa belə bir bayatı deyir:

Vətən bağı al-əlvandır,
Yox içində Xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?

Bəs həqiqətənmi Xarı Bülbül təkcə Şuşada bitir? Bir çox mənbələrdə bu gülün yalnız Şuşada bitdiyi deyilsə də, digər ərazilərdə də Xarı bülbülə rast gəlinir. Bəzi alimlər isə bunu təkzib edərək Şuşada bitən Xarı bülbülün naxışının fərqli olduğunu və təbii şəkildə orada geniş yayıldığını deyir. Ümumiyyətlə, bu gülü digər ərazilərdə yetişdirmək asan başa gəlmir. Xarı bülbül ofrisilər cinsinə aiddir. Göbələklərdən və müəyyən növ cücülərdən asılı olması ofrisləri ətraf mühitin dəyişilməsinə qarşı çox həssas edir. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur. Xarı bülbülün "yaşadığı" yerə sədaqəti ilə bağlı başqa bir əfsanə də var. Hər gün sübh tezdən bülbül çiçəyin üstünə qonub ona məhəbbət mahnısı oxuyarmış, gül-çiçəklər də bu nəğmənin təsirindən rəqs edər, şənlənərmiş. Amma xar belə bir şadyanalığa tab gətirə bilmir. Çiçəyi bülbüldən ayırmaq üçün gəlib ona öz sevgisini bildirir. Çiçək xarın sevgisinə qarşılıq vermir. Acıqlanan xar çiçəyin saplağı ilə yuxarı dırmaşır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə çiçəyi yeməkdə davam edir, onda hamı Tanrıya yalvarır ki, onların canını alsın, amma çiçəklə bülbülün eşqinə, məhəbbətinə qıymasın. Tanrı onların səsini eşidir. Beləliklə, hamısı sadəcə, bitkiyə çevrilir. Çiçək, bülbül və xar - üçü bir çiçəyə çevrilirlər. Xarı bülbül də bu fədakarlığın qarşısında çiçəklərə söz verir ki, yalnız onların bitkiyə çevrildikləri yerdə bitəcək.

Kimi Xarı bülbülü əfsanələrdən, kimi bayatılardan, kimi də xanəndə Səxavət Məmmədovun səsi ilə tanıyıb. Haqqında nə qədər danışılıb hər ləçəyinə qədər öyrənilsə də, Xarı bülbülü öz yurdunda görməyincə bu gül vətən həsrətli nəğməsini xatırladacaq. İnanırıq ki, Cıdır düzündən qucaq-qucaq Xarı bülbül toplayacağımız günlərə çox az qalıb. Çox az...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 321 315 301 400 289

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.