Khalifa

Khalifa İslam Dini / Maraqlı 3-03-2018, 20:03

İslama görə reinkarnasiya

İslama görə reinkarnasiya
İslama görə reinkarnasiya


Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.

Reinkarnasiya bir təbiət qanunu kimi öz-özünə ola bilməyəcəyinə görə bunun ancaq fövqəltəbii bir yaradılışla təmin edilə biləcəyi aydındır. Ancaq Qurana baxanda reinkarnasiyanın bir xurafat olmasının şahidi oluruq. Allahın insanlara yolgöstərən olaraq göndərdiyi Kitab reinkarnasiyanı açıq-aşkar təkzib edir.
Bir müsəlmanın hər məsələdə olduğu kimi karma fəlsəfəsinə baxışı da Allahın Quranda bildirdiyi şəkildə olmalıdır. Quranda ölümün və dirilişin bir dəfə baş verdiyi xəbər verilir. Hər bir insan dünyada ancaq bir həyat yaşayır. Bu həyatının bitməsi ilə də ölür. Rəbbimiz: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!” (“Cumuə” surəsi, 8) - buyurur. İnsan ölümündən sonra yenidən dirildilərək dünyada bütün etdiklərinə görə sonsuza qədər cənnətdə və ya cəhənnəmdə qalmağa layiq olur. Yəni insanın bir dünya həyatı, bir də sonsuza qədər yaşayacağı axirət həyatı var. İnsanların öləndən sonra dünya həyatına geri qayıtmayacağını Allah Quranda çox aydın şəkildə bildirir: “Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (bir də dünyaya) qayıtması mümkün deyildir” (“Ənbiya” surəsi, 95), “Nəhayət, birinin ölümü gəlib çatdığı zaman o, belə deyər: “Ey Rəbbim! Məni geri qaytar! Bəlkə zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu, onun dediyi boş bir sözdür. Onların önündə dirilib duracaqları günə qədər maneə (bərzəx) vardır” (“Muminun” surəsi, 99-100).

Yuxarıdakı ayələrdən də aydın olduğu kimi, insanların bir hissəsi ölümlə qarşılaşanda yenidən dirildilməyi ümid edəcək. Amma onlara bunun qətiyyən mümkün olmadığı həmin an açıqlanacaq. Allah başqa bir ayəsində insanların ölümü və dirildilməsi ilə bağlı bunları bildirir: “Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız” (“Bəqərə” surəsi, 28).
Allah insanın başlanğıcda ölü olduğunu bildirir. Yəni insanın yaradılışının əsası torpaq, su, palçıq kimi cansız maddələrdir. Daha sonra Allah bu cansız yığını “düzəldib qaydaya salıb” (“İnfitar” surəsi, 7) onu dirildir. Bu dirilişdən müəyyən bir müddət sonra, insan üçün müəyyən edilmiş vaxt qurtaran kimi yenidən öldürülür və torpağa geri qayıdır, çürüyüb toz halına düşür. Bu da insanın ikinci dəfə ölü halına keçməsidir. Geridə isə axırıncı dəfə dirildilməsi qalmışdır. Bu da axirətdəki dirildilmə olacaqdır. Hər insan axirətdə dirildiləcək və bir də geri qayıtmağın mümkün olmadığını başa düşərək dünyada etdiyi hər bir hərəkətinin hesabını verəcək. Allah ayələrində insanın dünyaya gələndən sonra təkcə bir ölümdən başqa ölüm dadmayacağını belə bildirir: “Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar! Allah onları cəhənnəm əzabından qorumuşdur. Sənin Rəbbindən bir lütf olaraq! Bu, böyük qurtuluşdur!” (“Duxan” surəsi, 56-57).Yuxarıdakı ayələr ölümün ancaq bir dəfə olduğunu göstərmək baxımından çox aydın və mütləqdir. Bəzi insanlar ölüm və axirət qorxusuna qalib gələ bilmək və özlərinə təsəlli verə bilmək üçün hər nə qədər karma ya da reinkarnasiya kimi batil inancları qəbul etmək istəsələr də, həqiqət budur ki, heç kim öləndən sonra bir də dünyaya geri qayıtmayacaq. Hər bir insan ancaq bir dəfə öləcək və bu ölümündən sonra Allahın təqdir etdiyi şəkildə sonsuza qədər yaşayacağı axirət həyatı başlayacaq. Allah hər insanı dünyada etdiyi yaxşılıq və ya pisliklərə görə cənnətlə mükafatlandıracaq və ya cəhənnəmlə cəzalandıracaq. Allah sonsuz ədalət sahibidir. Sonsuz mərhəmətli və şəfqətlidir. Hər kəsə etdiyinin əvəzini nöqsansız olaraq verəndir. Ölümdən və ya cəhənnəmə getmək ehtimalından qorxaraq batil inanclarda təsəlli axtarmaq isə şübhə yoxdur ki, insanı daha çox bataqlığa aparır.
Ağıl və vicdan sahibi olan hər bir insanın bu yöndə bir qorxusu varsa, cəhənnəm əzabından qurtulub cənnəti ümid edə bilmək üçün səmimi olaraq Allaha yönəlməli və insanlar üçün hidayət rəhbəri olan Qurana tabe olmalıdır.

İnsan heç vaxt yaddan çıxarmamalıdır ki, nə cavan, nə yaşlı, nə gözəl, nə də varlı olması bu günə qədər yaşayan heç bir insanı ölümdən qoruya bilməmişdir. Buna görə də heç bir insan ölüm həqiqətini unutmamalıdır. Çünki insan bu həqiqəti qulaqardına vursa da, vurmasa da qaçılması mümkün olmayan bu həqiqət mütləq yaşanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 572 465 533 497 498

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.