Gözəl saçlara sahib olaq!
Ən gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənərdi. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.
Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.
Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.
Saçlara qulluq sistemi yuyulmaqdan başlayır. Saç yumaq, əslində, elə çətin bir proses deyil. Lakin bu zaman hər şeyə nəzarət etmək lazımdır. Saçınızın sağlamlığı onları necə və nə ilə yumanızdan asılıdır. Əvvəlcə sudan başlayaq. Su ilıq olmalıdır. Nə isti, nə də soyuq. İsti su piy vəzilərinin fəaliyyətini intensivləşdirir və nəticədə saçlar tez yağlanır, soyuq su isə çirki tam təmizləyə bilmir. Buna görə də hər iki halda saçları tez-tez yumağa məcbur olursunuz.
Yuyulduqdan sonra saçları mütləq təbii otların dəmləməsi ilə yaxalamaq lazımdır:
* açıq rəngli saçları çobanyastığı dəmləməsi ilə;
* tünd rəgli saçları gicitkan dəmləməsi ilə;
* bütün növ saçları limon turşusu və yaxud sirkə qatılmış su ilə yaxalamaq olar.
Yağlı dəri üçün yumurta ağından ibarət maskalar etmək olar. Bu zaman yumurta ağına ayrılıqda çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib qurutduqdan sonra yumaq lazımdır.






