Tural Rahmanli

Tural Rahmanli Şeirlər 30-11-2022, 11:00

Sönməz neçə atəş ilə tarix boyu yandım

Sönməz neçə atəş ilə tarix boyu yandım
Aldım silahı düşmənimi gülləyə tutdum
Düşdü yaxama qan ləkəsi, qanla qurutdum
Ölmək asan imiş bilənə dünyavi sirri
Öldüm, yenə açdım gözümü sirri unutdum

Döndüm geriyə, arxada qalmış neçə can var
Yatmış şəhidin ağ kəfənində hələ qan var
Öldür üçünü, vur beşini gör neçə yan var
Axtar yenə yoxdur, nə saray, nə də ki, xan var
Sönməz neçə atəş ilə tarix boyu yandım
Öldüm yanaraq, yanmaq üçün birdə oyandım

Qırx dörd gecə-gündüz, yuxusuz, ordu savaşdı
Şirin avaz ilə nəfəsi yurdu dolaşdı
Haqqı eşidib addım atan dağları aşdı
Düşmən kiri mərd çəkməsinə birdə bulaşdı
Sönməz neçə atəş ilə tarix boyu yandım
Öldüm yanaraq, yanmaq üçün birdə oyandım

Türkün səsini yaymaq üçün tək yolu seçdim
Dönməm geri mən söyləyərək andımı içdim
Haqqı unudub, haqq gəzənin, haqqını biçdım
Keçdim Laçını, Kəlbəçəri, Ağdamı keçdim
Sönməz neçə atəş ilə tarix boyu yandım
Öldüm yanaraq, yanmaq üçün birdə oyandım

Düşmən xəyalın darmadağın etdi bu zərbə
Çökdü, dizə gəldi, geri döndü, üzü qərbə
Sancıb qalaya bayrağımı, son verib hərbə
Getdi xəyalım İsmayılın aldığı Mərvə
Sönməz neçə atəş ilə tarix boyu yandım
Öldüm yanaraq, yanmaq üçün birdə oyandım

Əsdi zamanın ruzigarı illəri aldı
Tutdu məni cənnət qapısında, yerə saldı
Tək qayəsi hür olmaq olan nəslin ucaldı
Səbr et dedi, ey Türk sınağın məhşərə qaldı
Sönməz neçə atəş ilə tarix boyu yandım
Öldüm yanaraq, yanmaq üçün birdə oyandım.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
511 536 488 466 503 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.