n2006

n2006 Hekayələr 24-10-2024, 12:00

Div olanda noolar? – Günel Şamilqızının povesti

Div olanda noolar? – Günel Şamilqızının povesti
O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.
daş da olmalıydı. Amma o daşı qaldıracaq ürəkli oğlan, qoluzorlu igid yox idi deyə daşlar quyuların ağzını yuma bilmirdi. Kaş olaydı. Onsuz da heç biri götürə bilməyəcəkdi. Çünki həmişəki kimi tək-tək yaxınlaşıb güc gələcəkdilər. Olsaydı, ağırlığı bəlkə də qardaşları quyuya düşmək qorxusundan xilas edərdi, qayıdıb ev-eşiklərinə gedərdilər.
Bir-birlərinə çəp-çəp baxdılar. Həmişə bütün işləri birinci böyük qardaş «məharətlə” başından atırdı. Ortancılı da birincinin elədiyini təkrarlayırdı. Eynən, necə eləmişdisə elə, haracan eləmişdisə oracan. Məlikməmməd tifilsə həmişə onların həm elədikləri, həm də eləmədikləri qədərindən qorxub çaşbaş qalırdı.

Kəndiri əvvəlcə böyük qardaşın belinə bağladılar. Hələ də boyun qaçırtmaqçün ağlına bir şey gəlməmişdi. Endirdilər. Adamlardan, işıqdan uzaqlaşdıqca qorxudan əsməyə başladı. Heç yarıyacan endirməmişdilər ki, hardan beyninə düşdüsə, qəfil qışqırmağa başladı:

– Ay yandım, çəkin! Ay yandım çəkin!
Padşahın ilk varisinin sözünü yerə salmadılar. Oğlan çıxan kimi ortancıl qardaşla göz-gözə gəldi. Üzü gülürdü hazıra nazirin. İndi onu endirdilər. Zalım oğlu elə bil saniyələri saymışdı, eynən böyüyü kimi, yuxarıdan aşağı yolu yarı olmamış qışqırmağa başladı:
– Ay yandım, çəkin! Ay yandım, çəkin!
Çəkin deyir, çəkin də. Məlikməmmədin gözləri bərələ qalmışdı. Necə yəni „yandım”? Orda ocaq qalayıblar? Niyə isti olsun axı? Quyuda su olmayınca odmu olur?
İpə baxanda yorğun, bezgin, təlaşlı ruhuna su çiləndi. Bəlkə xilas kəndirdəydi, bu qəbir-quyudaydı? Onsuz da divi öldürə bilməyəcək. Heç olmasa, atasıgilə söz çatanda “quyunun istiliyinə dözməyib öldü” deyərlər. Bircə canı qurtarsın hər şeydən.
Ani həyəcana qapılıb, ipi sehrli qurtuluş kəməriymiş kimi, həvəslə bağladı belinə.
İşıqdan, adamlardan uzaqlaşdıqca canındakı minillik qorxu onu tərk eləməyə başladı. Nə istiydi, nə soyuq. Nə işıqlıydı bura, nə qaranlıq. İçinə dolan rahatlığın təsiriyləmi, ya o an dərk eləmədiyi başqa bir səbəbdən bərk-bərk yapışdığı ip ona mənasız göründü. Əllərini yana açıb uça-uça enmək istədi. Az qalıbmış demə, kürəyi xırda daşlara toxundu. Bir müddət belə – geniş açılmış qollarıyla gəldiyi yerin havasını qucaqlayıb uzandı. İlahi, insan dibdə belə rahat olurmuş. Dib budur, deməli?
Belindəki ipdən qurtulub bir xeyli irəlilədi. Qapı gördü, yaxınlaşdı. Deyəsən gec-gec əl toxunurmuş dəstəyinə, çox ağır açıldı.

– Ooo, sən? – div başını uzun saçlı, yarıçılpaq, gözəl bir qızın dizləri üstündən qaldırıb təəccüblə Məlikməmmədə baxdı.
Oğlanın gözü qızda qalmışdı. Beynində düzüb-qoşduğu hər şey darmadağın idi. Bədheybətin yanında bu cür gözəlliklə qarşılaşacağını gözləmirdi. Nə edəcəyini bilmədi. Ürkək-ürkək gah divə, gah qıza baxdı.
– Hə, nədi, xoşuna gəlir? – div bic-bic güldü.
Quruyub qalmışdı. Gözlərini də qırpmırdı.
– Bu səninçün atanın sarayında sevişdiyin açılmamış qönçələrdən deyil.
Oğlan qızı bir də başdan-ayağa süzdü.
– Buna insan nəfəsi dəyməyib. Vəhşidi. Div görüb bu ancaq, div.
Qızın donuq baxışları Məlikməmmədə zillənmişdi. Heç elə bil vecinə də deyildi quyuya adam ayağı dəyməsi, indi onun haqqında danışmaqları.
– Qorxma, heç nə eşitmir. Lal-kardı.

– Niyə məhz bizim almalar? Dünyada bağ qəhət idi?
– Mən ora almaya görə gəlmirdim.
– Başa düşmədim.
– Ağlına başqa şey gəlməsin. Nə bilim e. Adi meyvəlikdən alma oğurlamağa nə var? Padşah bağının bəhərindən yemək başqa şeydi.
– Heç zibil də deyil. „Başqa şey”miş. Boş-boş sözlərdi. Deməli, divlərdə də var əlçatmazları yağlı matah zənn eləmək?
– Div olanda noolar? Mən padşah bağının meyvəsindən yeyə bilmərəm?
– Bir dəfə, iki dəfə… Bəs fikirləşmirdin ki, hamısını yeyib, sahibinə heç nə saxlamayanda o da izinə düşüb səni öldürtmək istəyəcək?
– Kim, sən? Sən düşmüsən izimə? Sən öldürəcəksən məni? Öz bağındakı meyvələri ona verim deyə mənə yalvaran qorxaq?
– Olanları sənə başıma qaxasan deyə danışmamışdım.
Div qolundakı çapıqlara baxıb başını aşağı saldı:
– Bağışla.

– Niyə elə oturmusan?
– Məncə, bütün bunlar heç də təsadüfən baş vermədi. Bilmirəm, hansımız hansımızı aldatdıq.
– Mən səni aldatmadım, Məlikməmməd. Dünyanın sonuncu divi üçüncü canını da sənə bağışladı. Di salamat qal.
– Yaxşı yol, dostum.
– Məndən istədiyin nəsə var?
– Hə. Bir torba alma yığıb qoyarsan. Yolum düşəndə gəlib aparacağam.
– İki nəfərsiz, neynirsən bir torba almanı? Gəl, nə qədər istəyirsən ye, qıza da bir az apar.
– Uşaqlara paylayacağam. O uşaqlara ki, bu nağılı dinləyəndə ömürlərində heç olmasa bir dəfə „kaş öldürməyəydi divi, kaş üzməyəydi o quşun başını, buraxaydı onu” deyiblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
290 320 237 263 278 260

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.