ice berg

ice berg Şeirlər 17-12-2024, 23:23

Səni sevdim çox sadəcə

Səni sevdim çox sadəcə
Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım,
İçimdəki ağrıların atəşindən kül olmadım…
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Məcnun olub, dərdli eşqlə səhralara üz tutmadım,
İnsanlardan uzaq düşüb ceyran‐cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım…
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Fərhad olub, dəryaları məcrasından döndərmədim,
Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim…
Dünyanın naz‐nemətini sənə bəxşiş göndərmədim…
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Romeo tək tez od alıb yanmaq üçün doğulmadım,
Vaqif kimi pəri, sona göllərində boğulmadım,
Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım…
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərin məclisinə qarışmadım;
İstedadlı aşiq kimi Füzuliylə yarışmadım…
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi…
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Hamlet İsaxanlı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 338 344 287 306 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.