Gecələr gizlicə ağlayan qadın
Gecələr gizlicə ağlayan qadın
Soyuq divarların aralarında
Öldü istəyin də, arzuların da,
Gəl günah axtarma başqalarında,
Ömrünü puç etdin, oda tulladın
Gecələr gizlicə ağlayan qadın.
Taleyin bəd oldu, elə o gündən,
Səni sevməyənə könül verəndən,
Səadət yan keçdi, yan ötdü səndən,
Nə olsun evləndin, xoşbəxt olmadın,
Gecələr gizlicə ağlayan qadın.
Vicdanın ağrısı diriykən ölmək,
Söylə, asandırmı bir daha sevmək?
Ölümdən betərdi bunları bilmək,
Dilində başqası, qəlbində adım,
Gecələr gizlicə ağlayan qadın.
Sənə çox söylədim yanlışdır yolun,
Dedin qəbulumdur bu həyat yolu.
O vaxt anlamadın bu işin sonun,
Alovla oynadın, odla oynadın,
Gecələr gizlicə ağlayan qadın.
Tapmadım bir məlhəm, çara qəlbimə,
Talanmış, bölünmüş para qəlbimə,
Vurdun yara üstdən yara qəlbimə,
Heyif könül qırdın, könül almadın,
Gecələr gizlicə ağlayan qadın.
Fərid Muradzadə






