Bir qadın var hardasa
Bir qadın var hardasa
tələsir mətbəxə, dükana, işə
gözləri razılaşmaq dilində
susur həmişə.
... Metroda əlləri yaxasına,
çantası dizlərinə səngər...
Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdən qalan,
ciyəri qayğılara qurban
mətbəxə zəncirli Prometaya...
Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad,
sevdiyinə çin səddi.
Bir qadın var hardasa
qara günlərin qırmızı
diplomlusu,
iki uşaq anası.
Hər şeyi yerindədi
əri, uşaqları, şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür
gülüşü...
Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
Ağlar bir qırmızı qalstukun
xorultusuna,
qara bir kostyumun tütün
qoxusuna,
ağlar yatağındakı üzütəraşlı
HEÇ KİMƏ.
Bir qadın var hardasa
soruşsan xoşbəxtsənmi ?
bədbəxtəm deməz
deyər: çox mətbəxtəm...







