Ququş – 75
XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuş və İrandan əlavə Zaqafqaziyada, Türkiyədə, Orta Asiyada və ABŞ-da da böyük şöhrət qazanmış İranın məşhur müğənnisi və aktrisası Ququş (əsl adı Faiqə Atəşin) ― bu gün, yəni 5 may 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə anadan olub. Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsidir. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاهماهی موسیقی ایران") adlandırmışdılar. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Faiqə Atəşin azərbaycan dilinə tərcümədə “qu quşu” mənasını verən səhnə adını “Ququş” seçmişdir. Belə adı ona doğulanda vermişdilər, lakin qeydiyyat zamanı oğlan adı ilə əlaqəli problemlər yarandığı üçün “Faiqə”yə dəyişdirdilər. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır. 7 yaşından 19 yaşınadək aktyorun uşağı olaraq filmlərə çəkilir, ancaq ilk böyük rolu 1965-ci ildə “Şeytan bala” filmində oldu. 25-dən çox filmdə çəkildi, bunlardan biri həmin an üçün kommersiya cəhətdən bütün zamanların ən uğurlu İran filmi oldu. Ən məşhur filmi “Uzun gecə” olmaqla, bir neçə filmi SSRİ-də göstərildi.
1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi "Retour de la ville" və "J'entends crier je t'aime" mahnılarına görə birinci yeri tutur. Azərbaycanda Rəşid Behbudovun (1915-1989) oxuduğu "Ayrılıq" (mus. Əli Səlimi, söz. Fərhad İbrahimi) mahnısının ifasına görə daha çox tanınır. Bu mahnını ilk dəfə solo konsert zamanı 1972-ci ildə ifa etdi. Ququş fars, azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Lakin 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. Ona ölkə hüdudlarından kənarda qastrollara getməyə icazə verən İranın 1997-2005-ci illərdə hakimiyyətdə olmuş 5-ci prezidenti Seyid Muhəmməd Hatəmi hakimiyyətə gələnədək çıxış etmədi.
Ququş 2000-ci ildə Şimali Amerikanın Los-Anceles şəhərinə köçüb, sənətini indiyədək orada davam etdirir. İki ildən sonra onun "Qərib-e aşena" ("Tanış olan özgə") mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb. Keçmiş SSRİ-nin ərazisində Ququş 2017-ci ilin avqustunda ilk dəfə İrəvanda, sentyabrında isə Tiflisdə çıxış etdi. Ququşun Azərbaycana dəfələrlə konsert proqramı ilə dəvət edilməsinə baxmayaraq, onun Bakıda çıxışı baş tutmadı. Üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu var. Ququşun dostu olmuş Yaqub Zurufçunun (1956-2021) sözlərinə görə, Ququş özünü azərbaycanlı yox, fars hesab edir və arada azərbaycan dilində danışmaqla, əsasən farsca danışır.






