weher uwagi

weher uwagi Heyvanlar aləmi 7-05-2025, 18:30

Qəribə və nadir heyvanlar - 1

Qəribə və nadir heyvanlar - 1

Təbiət bir çox müxtəlif heyvanlar yaradıb. Bu məqaləmizdə əksəriyyəti haqda heç nə bilmədiyiniz ən qeyri-adi, qəribə və nadir heyvanlarla tanış olacaqsınız. Hazıladığım 40 sayda ən qəribə heyvan növünün ilk iki onluğundan sonra qalan iyirmisi bir qədər ətraflı olduğu üçün, davamı tək-tək yayılmlanacaq.

1. Solenodon (lat. Solenodontidae)

Qəribə və nadir heyvanlar - 1

Bu, həşəratyeyənlər dəstəsinə aid olan kifayət qədər böyük nadir məməli heyvandır. Müasir növü iki alt növdür: haiti və kuba. Ən qədim məməlilərdən biridir. Görünüşcə ağaclarda açılmış dəliklərin içindən uzunsov burun-xortumu ilə həşəratları çıxaran hündür ayaqlı böyük siçovulu xatırladır. Gecələr aktiv olur, günortalar torpaq altındakı yuvalarında yatırlar. Bədən ölçüsü 35 sm, quyruqla birlikdə 60 sm-ə qədərdir, çəkisi 1 kq-a yaxındır. İldə 1 dəfə, nadir hallarda iki bala verir. İlk solenodonlar minimum 15 milyon il dinozavrlarla birlikdə yaşamışdır. Onlar (ördəkburun və yereşənlər kimi) zəhərli heyvanlardır, dişləməsi insana ölümcül deyil. Qırmızı kitaba daxil edilib. Təbii düşməni manqust və vəhşi pişiklərdir. Kuba solenodonu sonuncu dəfə 2003-cü ildə görünmüşdür.

2. Yallı canavar (lat. Chrysocyon brachyurus)

Cənubi Amerikanın bu sakini olduqca qeyri-adi görünüşə malikdir – hündür ayaqlı tülkümüz. Ayaqlar pampasdakı (Cənubi Amerikanın subtropik iqlim qurşağında yerləşən çöl zonası) hündür otları keçməyə kömək edir. Bu, pleystosen (geoloji epoxalardan biri) dövründən qalan nadir relikt (lat. relictum – qalıq) növdür. Qırmızı kitaba salınıb. Bədən ölçüsü 130 sm-ə qədərdir, quyruğu qısadır – 25-30 sm, ayaqlarının uzunluğu 85-95 sm-dir. Qorxu və aqressiya anında yallı canavarın yalı qalxır və o, aslana bənzəyir. Banan, çiyələk, quavanı (Cənubi Amerikada bitən meyvə) çox sevirlər, bununla da fermerlərə zərər verirlər, ev quşlarına və quzulara hücum edə bilirlər. İnsandan qorxurlar.

3. Afrika siveti(lat. Civettictis Civetta)

Cinsinin yeganə nümayəndəsi olaraq Mərkəzi və Cənubi Afrikada yaşayır. Görünüşcə kök pişiyə bənzəyir. Qalın, uzun kürkü var, xəzini şişirdəndə iki dəfə böyük olur. Bədən ölçüsü 60 sm, quyruğu 35 sm-dir. Yırtıcıdır, yalnız ətlə qidalanır. Bir sıra Afrika ölkələrinin qırmızı kitabına daxil edilib. Sivetin 6 altnövü var, onları gözəl dərisinə görə məhv edirlər. Erkən yaşda ələ keçmiş olsa, yaxşı əhliləşə bilirlər, bu da onların tez-tez ev heyvanı kimi saxlanılmasına gətirib çıxarır, lakin insana qarşı gözlənilməz aqressivliyi nəzərə alınmaqla yalnız qəfəsdə olmalıdır.

4. Nəhəng yapon salamandrası (lat. Andrias japonicus)

İndi bu, Yer kürəsində suda-quruda yaşayan ən nəhəng və nadir heyvandır. Bədən uzunluğu 160 sm-ə, çəkisi 35 kq-a qədərdir. Ehtimal edilir ki, ömrü 150 il və daha çoxdur. Yaponiyada başqa adları: xanzaki və kaffa. Gecə həyatı sürür, soyuq dağ çaylarında yaşayır. Balıq, qurbağa və həşəratlarla qidalanır. Yetkinlik yaşına çatdıqdan sonra qəlsəmələri yoxa çıxır, tənəffüsü əsasən dərisi ilə həyata keçirir. Aylarla ac qala bilir. Əti böyük delikates hesab edilir, lakin xanzakinin ovlanması qanunla qadağan edilmişdir.

5. Amazon delfini (lat. Inia geoffrensis)

Çəhrayı delfin dünyanın ən böyük çay məməlisidir. Qırmızı kitaba daxil edilib və Çinin çay delfininin qohumu deyil. Uzunluğu 2,5 m-ə qədərdir. Onların beyni insan beynindən iki dəfə böyükdür, çox ağıllıdırlar, insanlardan ehtiyat edirlər. Başı 180 dərəcə fırlana bilən yeganə su heyvanıdır. Şaquli vəziyyətdə başı aşağı üzə bilirlər. Yerli xalqlar arasında sehrli statusa malikdir.

6. “Ay” və ya “Günəş” balığı (lat. Lampris guttatus)

Başqa adı Opah olan bu yeganə balıq növü istiqanlı quşlara və məməlilərə xarakterik olan termorequlyasiya qabiliyyətinə sahibdir. Əsasən Havay adalarında və Qərbi Afrika sahillərində yaşayan balıq növüdür. Ay balığının bədən temperaturu ətraf mühitin temperaturundan 5 ℃ yuxarıdır. Maksimal bədən uzunluğu 2 m və çəkisi 270 kq olan Ay balığı yanlardan güclü şəkildə yastılaşan və hündür beli olan unikal bədən quruluşuna malikdir. Onun belinin xətti qarnının xəttindən daha düzdür, ağız boşluğu isə kiçikdir. Ay balığının dərisi toxunduqda asanlıqla düşən sərbəst yerləşmiş kiçik pulcuqlarla örtülmüşdür. Adətən 20-25 il yaşaya bilirlər. İri ölçüsündən qorxmaq lazım deyil.

7. Ay balığı (lat. Mola mola)

Okean dərinliklərinin bu qəribə nümayəndələrinin uzunluğu orta hesabla 3 m-ə, çəkisi 1,5 tona çatır. ABŞ sahillərində ən böyük nümunə tutuldu – 5,6 m, çəkisi 3 ton. Başqa adı mola-moladır. Ay balığı disk formasındadır, dərisi fil dərisindən qalındır və sümüklü çıxıntılarla örtülüb. Bu balığı tez-tez suyun səthində yan üstə üzən formada görürlər, bu an o, bədənindəki parazitləri toplamaları üçün quşlara imkan verir. Alimlər bu qeyri-adi balıqların 100 il yaşaya bilməsini güman edir. Mola mola bir dəfəyə 300 milyonadək kürü qoyur. Asiya ölkələrində əti delikates hesab edilir, onu riskli delikates olan fuqu balığı kimi bahalı restoranlarda təklif edirlər. Dərisi müalicəvi sayılır, Yaponiya və Koreyanın xalq təbabətində istifadə olunur.

8. Tasmaniya iblisi (lat. Sarcophilus harrisii)

Nadir kisəlilər yırtıcıdır, tasmaniya iblisi onların ən böyüyüdür. Xarici görünüşcə dörd dəfə kiçildilmiş dələ quyruqlu ayını xatırladır. İblis adını dəhşətli gecə qışqırtıları və şiddətli aqressiv xarakterinə görə alıb. Qurbağalar və ilanlarla qidalanır, quş yuvalarını dağıdır. Öz ölçüsündə olan heyvanlar arasında ən güclü dişləmək qabiliyyəti var, metallik tələni asanlıqla dişləyib qırır. Balası hamiləliyin üçüncü həftəsi keçdikdən sonra doğulur və sonra 4 ay anasının kisəsində yaşayır. Cavan fərdlər sürü halında gəzirlər. Hazırda Tasmaniya iblisləri ancaq Tasmaniya adasında yayılıblar.

9. Lori (lat. Lorisidae)

Bu qeyri-adi primatlar üzdən çox iri gözləri ilə təlxəyi xatırlatdığı üçün öz adını alıblar. Lorilərin 16 altnövü var, qalaqoların qohumlarıdır. Ölçüləri kiçikdir, bədən – 20-40 sm, çəkisi 0,3-2 kq. Ağaclarda yaşayırlar, hecələr aktiv olurlar. Həşəratlar, quş yumurtaları və meyvələrlə qidalanırlar. Primatlardan yeganəsidir ki, gözləri göydür. Ön ayaqlarında zəhər vəzləri var. Dişləməzdən qabaq heyvan dişlərini zəhər ilə sürtür. Əhliləşə bilirlər, bəzi Asiya ölkələrində ev heyvanı kimi saxlanılır.

10. Qavial (lat. Gavialis gangeticus)

Timsahlar dəstəsinin olduqca qeyri-adi nümayəndəsidir. Qanq qavialı Hindistan və qonşu ölkələrdə yayılıb, dərin su hövzələrində yaşayır, iti əyri dişli uzun ağzı ilə tutduğu balıqlarla qidalanır. Bədən uzunluğu 5.5 m-ə, çəkisi 180 kq-a çata bilir. Qavialların ağzı həyatı boyunca uzana bilir. Zəif ayaqlarına görə qarnı üstə sürünərək hərəkət edir. İt, keçi və camış buzovlarını ovlaya bilirlər. Dişilər sahildəki isti quma 40-60 yumurta basdırır. Yumurtadan çıxmış balalar müstəqil şəkildə suya doğru hərəkət edirlər, yarısı onları bilərəkdən gözləyən quşların və yırtıcıların əlindən yolda məhv olur.

Ardı var...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 365 334 347 380 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.