V Corc – 160
6 may 1910-cu ildən 1936-cı ildə vəfatına qədər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və Britaniya dominionlarının 9-cu kralı, həmçinin Hindistanın imperatoru və kraliça II Yelizavetanın (1926÷2022) babası olan V Corc (ing. George V, George Frederick Ernest Albert; Georq Frederik Ernest Albert) 3 iyun 1865-ci ildə Londonda anadan olub. Corc kraliça Viktoriyanın və şahzadə Albert Saksen-Koburq-Qotun nəvəsidir. 1877-ci ildən 1891-ci ilədək Hərbi Dəniz Qüvvələrində qulluq edib. 1901-ci ildə nənəsi Viktoriyanın ölümündən sonra atası VII Eduard kral olur, Georq isə Uels şahzadəsi adını alır. 1910-cu ildə atasının ölümündən sonra o, V Corc adı ilə kral elan edilir.
Birinci Dünya müharibəsindən sonra imperiyaların çoxu dağılsa da Böyük Britaniya öz ərazisini bir qədər də genişləndirə bildi. 1917-ci ildə V Corc cəmiyyətdəki antialman əhval-ruhiyyəsi fonunda Saksen-Koburq-Qot sülaləsinin Böyük Britaniyadakı qolunun adını Vindzorlar sülaləsi adına dəyişdi. Özü isə o sülalənin ilk monarxı oldu. Onun krallığı dövründə Britaniya cəmiyyətində sosializm, kommunizm, faşizm və irland respublikaçılığı ideyaları güclənməyə başlayır. İlk leyborist nazir hökumətə daxil olur.
1931-ci ildə məşhur Vestminster Nizamnaməsi qəbul edilir. Bu nizamnaməyə əsasən keçmiş müstəmləkələr Millətlər Birliyi tərkibində müstəqil ərazilərə çevrilirlər. Hakimiyyətinin son illərində isə onu xəstəliklər üzür və 1936-cı ildə vəfatından sonra hakimiyyətə oğlu VIII Eduard (1894÷1972) gəlir və cəmi 10 ay hakimiyyətdə olur. V Corcun daha bir oğlu VI Corcdur (1895÷1952).






