weher uwagi

weher uwagi Məşhurlar 9-06-2025, 11:45

Telman Hacıyev – 95

Telman Hacıyev – 95

Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, musiqilərin işlənməsi üzrə mütəxəssis və redaktor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), 200-dən çox bədii və sənədli filmə, həmçinin çoxsaylı televiziya və radio verilişlərinə musiqi bəstələyən Telman Hacı oğlu Hacıyev bu gün, 9 iyun 1930-cu ildə Gəncə şəhərində anadan olub. Atası – H.V. Hacıyev Bakı Dövlət Universitetinin Coğrafiya Kafedrasının müdiri, dosent, anası – B.A. Hacıyeva Gəncə Şəhər İcraiyyə Komitəsinin katibi, özündən iki yaş böyük olan qardaşı – T.H. Hacıyev Respublikanın baş geoloqu, Azərbaycan SSR Geologiya İnstitutunun direktoru, özündən on yaş kiçik olan bacısı F.H. Hacıyeva Azərbaycan İqtisad Universitetinin Təbiət Elmləri Kafedrasının baş müəllimi idi.

1958–1964-cü illərdə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyası Musiqi bəstəkarlığı ixtisası üzrə təhsil almışdır.

Telman Hacıyev 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Komitəsində işləməyə başlamışdır. 1958-ci ildən burada musiqilərin işlənməsi üzrə mütəxəssis, musiqi verilişləri üzrə redaktor köməkçisi, musiqi verilişlərinin redaktoru, Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1961-ci ildən Azərbaycan musiqisi üzrə redaksiya heyətinin böyük redaktoru, 1963-cü ildən Musiqi verilişləri şöbəsində baş redaktor müavini olmuş, 1971-ci ildə Televiziyada əsas musiqi proqramları üzrə baş redaktor təyin edilmiş, 1973–1975-ci illərdə isə Radioda musiqi redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır. O, 1975-ci ildə Azərbaycan SSR Bəstəkarlar İttifaqında məsləhətçi olmuş, elə həmin ildən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır. Burada o, 1975–1983-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olmuşdur.

1983-cü ildən Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsində işləyən Telman Hacıyev 1983–1984-cü illərdə burada musiqi kollektivlərinin bədii rəhbəri olmuş, 1985-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə qayıdaraq 1989-cu ilədək yenidən Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri işləmiş, 1989–1990-cı illərdə "Tənqid-Təbliğ" Teatrının musiqi direktoru olmuşdur.

Telman Hacıyev 5 yanvar 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir. Gəncə şəhərində 2 nömrəli musiqili məktəb Telman Haciyevin adını daşıyır. Sevda adlı xanımı ilə ailə həyatı qurduqdan sonra 1970-ci ildə Lalə adlı qızı, 1972-ci ildə Anar adlı oğlu dünyaya gəldi.

Beləliklə, 4 kompozisiya müəllifliyindən əlavə günün səbəbkarı olan bəstəkarımızın ərsəyə gətirdiyi bir-birindən gözəl 45 əsərdən birini, məşhur «Abşeron» mahnısını sizinlə bölüşmək istərdim. Mahnının sözləri Nəbi Xəzriyə (1924÷2007) aiddir. Zənnimcə, bu qədər həzin bir əsər ortaya çıxarmaq üçün gərək Abşeron yarımadasına nə qədər vurğun olasan, bunun da öhdəsindən hörmətli və unudulmaz bəstəkarımız layiqincə gəlmişdir desək, yanılmarıq. Məşhur, istedadlı saksafonçu və gözəl müəllim olan Eldar Zeynalovun instrumental ifası ilə özünüzü Karaoke-də təsəvvür edərək zümzümə də edə bilərsiniz. Hər kəsə xoş və faydalı zaman arzu edirəm!

Alar səni qoynuna mehriban Xəzər,

İnci taxar boynuna narın ləpələr.

Bağların cənnət təki çiçək-çiçəkdir,

Buruqlar sinəndəki yanar ürəkdir.

Nəqərat:
Abşeron, ay Abşeron, ömür baharım,

Abşeron, ay Abşeron, odlar diyarım!

İşıq olub saçılan həyat kimisən,

Sən dənizə açılan qanad kimisən.

Sevir səni oğul, qız, məğrurdur səsin,

Bizim doğma Bakımız baş tacın sənin.

Nəqərat:
Abşeron, ay Abşeron, ömür baharım,

Abşeron, ay Abşeron, odlar diyarım!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
235 237 223 236 190 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.