Artıq pul olsa qızıl, yoxsa ev alaq?
Azərbaycanda investisiya üçün müxtəlif sahələr mövcuddur. İnvestisiya etmək istəyən şəxslər ilk növbədə hansı sahəyə maraqlı olduqlarını müəyyənləşdirməlidirlər. Daha sonra investisiya risklərini və potensial gəlirlərini diqqətlə araşdırmalıdırlar.
Bizim reallığımızda seçim çox deyil. Adətən risksiz aktivlər – bank depozitləri, daşınmaz əmlak və dövlətin qiymətli kağızları nəzərə alınır. Risk etməkdən qorxmayanlar şəxsi biznes, yaxud partnyorluq əsasında biznes aça bilərlər. Əgər kimsə “gəl birlikdə iş quraq, mənə 10 min manat ver, sənə 50 faiz gəlir qaytaracağam” vəd etdikdə, onun biznes planını diqqətlə nəzərdən keçirmək lazımdır. Maliyyə savadlılığını artırmaq da bunun üçün vacibdir.
“Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsilə iqtisadiyyata yönəldilməsi mümkündür.
Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu, nağd vəsaitlərin banklar vasitəsilə real sektora yönəlməsinə gətirib çıxara bilər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu ilin əvvəlində təqdim etdiyi rəsmi açıqlamaya əsasən, son bir ildə depozit faizlərində ciddi artım müşahidə edilir. Belə ki, əvvəllər 3-4 % ilə təklif edilən manat əmanətləri üzrə faizlər hazırda 10-12 % intervalında dəyişir. “Faizlərin artması banklara olan marağı artırıb və nəticədə bəzi evdə saxlanılan vəsaitlər banklara daxil olub. Əmanət hesablarının artım dinamikası xüsusilə 2024-cü ilin may ayından daha nəzərəçarpan olub. Ötən il ərzində unikal şəkildə 30 mindən çox yeni hesab açılıb, bu da bank sektoruna 30 min yeni müştərinin qoşulduğunu göstərir”, – deyə məlumatda qeyd olunub. Onu da bildirək ki, ötən il Azərbaycan bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41% artaraq 150,5 min nəfərə çatıb. Azərbaycan Mərkəzi Bankının yanvar ayında açıqladığı məlumatda qeyd olunub ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir.
“Artımın böyük hissəsi xırda məbləğli əmanətçilərin hesabına baş verib. Belə ki, yeni unikal əmanətçilərin 77,6%-ni 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Bu tendensiya əhalinin banklara olan etimadının artdığını göstərir”, – AMB qeyd edir.
Bank sektorunda “unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. Bu yanaşma, bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir”, – deyə Mərkəzi Bankdan bildirilib.







