Çatarmı?
Əlçatmaz bilmişəm səni həmişə,
Sənin gül zirvənə əlim çatarmı?
İsti baxışına, şirin ləhcənə
Şeirim yetişərmi, dilim çatarmı?
Bu kövrək sevdaya uyası olsam,
Səni könlüm dolu duyası olsam,
Yolunda bir ömür qoyası olsam,
Buna ömrüm yetər, ilim çatarmı?
Sənin tək bir ümid çırağım olsa.
Gül bədən, bir qönçə dodağım olsa,
Dünya başdan-başa gül bağım olsa,
Sənə veriləsi gülüm çatarmı?
Ömrümün payızı bəndi bağlayan,
Mən bir quru çayam daşı ağlayan.
Sən bahar dəryası coşub-çağlayan,
Sənin dənizinə selim çatarmı?
Torpağı, ağacı sinəsi dağ-dağ,
Min illər uzunu yanan bir ocaq.
Bir də alovunda birlikdə yansaq,
Tabım bu yanğıya, bilim, çatarmı?
Kimdi bu yazını tərsinə yazan?!
O hansı sevgidir yolları asan?
Mən yansam,sən buna məhəl qoymasan,
Görən harayıma ölüm çatarmı?
#MusaYaqub







