Sülh yolu - Zəngəzur dəhlizi: Hansı işlər görülür?
"Regionun, o cümlədən Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün əsas amillərdən biri sosial təyinatlı və infrastruktur obyektləridir. Bu obyektlər arasında nəqliyyat arteriyaları xüsusi əhəmiyyət daşıyır".
Bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev açıqlayıb.
Onun sözlərinə görə, Vaşinqtonda keçirilmiş görüşün nəticələrinə uyğun olaraq müəyyən edilən sülh yolu Ermənistan və Azərbaycan arasında maneəsiz gediş-gəlişin təmin olunmasına şərait yaradır:
"Bu istiqamətdə müxtəlif proseslər aparılır və yola çoxsaylı nəqliyyat infrastruktur layihələri qoşulub. Bunlardan ən vacibləri Laçın-Kəlbəcər yolunda inşa olunan tunellər və digər nəqliyyat arteriyaları, eləcə də Xankəndi-Laçın yolundakı infrastruktur layihələridir. Hazırda Laçına giriş istiqamətində yerləşən hər üç tuneldə işlər aparılır. Xankəndi-Laçın yolunda isə işlər artıq orta mərhələyə yaxınlaşıb. Laçın-Kəlbəcər yolunda mövcud olan çoxsaylı tunellərin bir neçəsi tam başa çatıb. Dövlət başçımızın səfəri çərçivəsində həmin tunellərdən birinin açılışı da reallaşıb".







