Sümük sağlamlığı üçün xəbərdarlıq
1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla mübarizə günü kimi qeyd edilir. Həmin tarix Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə təsis edilib.
Loading.aZ steoporozun yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini – baş həkim Nizami Məmmədovun müsahibəsini təqdim edir.
– Öncə bilmək istərdik ki, osteoporoz nədir?
– Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması ilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolik xəstəlikdir. Bu xəstəlik zamanı sümükdə mineral komponentlərin miqdarı azalır, həm də onun mikroarxitekturası pozulur. Nəticədə, sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıq baş verə bilir. ÜST-nin tərifinə görə, osteoporoz sistemli sümük xəstəliyi olub, əsas klinik əlaməti az travmalı və ya heç travma olmadan baş verən sınıqlardır.
Bu xəstəliyin cəmiyyət üçün təhlükəsi onun uzun illər simptom verməməsi, yalnız sınıq baş verdikdə özünü göstərməsi və artıq gec mərhələdə aşkar olunması ilə bağlıdır. Ona görə də, osteoporoz tez-tez “səssiz epidemiya” adlandırılır.
– Bu xəstəliyə kimlərdə daha çox rast gəlinir?
– Osteoporoz qadınlarda, xüsusən də menopauza sonrası dövrdə daha çox müşahidə olunur. Qadınlarda hormonal səbəblər ön planda olsa da, kişilərdə yaşlanma, xroniki xəstəliklər və həyat tərzi faktorları əsas rol oynayır.
Bundan əlavə, uzun müddət yataq rejimində qalan xəstələr, qidalanma pozğunluğu olan şəxslər və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlər də yüksək risk qrupuna daxildir.
– Osteoporozun yaranma səbəbləri nələrdir?
– Xəstəliyin yaranması çoxfaktorlu prosesdir. Onun birinci səbəbi insanın yaşlanmasıdır. İnsan təbii olaraq 30–35 yaşında sümük kütləsinin ən yüksək səviyyəsinə çatır və bundan sonra yavaş-yavaş azalmağa başlayır. Xüsusən qadınlarda menopauza sonrası dövrdə estrogen hormonunun kəskin azalması sümük itkisini sürətləndirir.
Genetik amillər də əhəmiyyətlidir. Birinci dərəcəli qohumlarda osteoporoz və ya bud boynu sınıqları müşahidə olunubsa, bu, riskin yüksək olduğunu göstərir. Qidalanma da mühüm rol oynayır.
Orqanizm kifayət qədər kalsium və D vitamini qəbul etmədikdə, sümük toxumasının möhkəmliyi azalır. Hərəkətsizlik, yəni fiziki aktivliyin az olması sümük toxumasının stimullaşdırılmamasına gətirib çıxarır və nəticədə sümük kütləsi daha tez itirilir. Siqaret, alkoqol və uzun müddət kortikosteroid qəbulu da sümük metabolizmini pozur.
Bütün bu amillər birləşərək osteoporozun yaranmasına zəmin yaradır.
– Xəstəliyin klinik əlamətləri nələrdir?
– Osteoporozun ən təhlükəli xüsusiyyəti uzun müddət gizli qalmasıdır. İnsan illərlə sümük itkisi yaşasa da, bunu hiss etmir. Yalnız sümük kütləsinin xeyli azalmasından sonra klinik əlamətlər meydana çıxır. Bel və kürək nahiyəsində xroniki, sönük ağrılar, boyun getdikcə qısalması və qamburluq bu əlamətlərdəndir.
Ən diqqətçəkən klinik nəticə isə yüngül yıxılmadan sonra baş verən sınıqlardır. Xüsusən bud boynu sınıqları, fəqərə sınıqları və bilək sınıqları osteoporozun tipik göstəricisidir. Bu sınıqlar insanın həyat keyfiyyətini ciddi şəkildə azaldır və bəzən ömür uzunluğunu da qısaldır.







