Niyə pendir soyuducuda belə tez xarab olur? - Ən geniş yayılmış səhvlər
Minilliklər ərzində insanlar pendirdən müxtəlif şəkildə istifadə etməyi öyrənib, hətta pendir bıçağı və pendir taxtası kimi xüsusi alətlər də yaradıblar. Buna baxmayaraq, insanlar bu məhsulu saxlayarkən tez-tez səhvlərə yol verir və nəticədə pendir quruyur və ya selikli olur.
Loading.aZ xəbər verir ki, bu problemi izah etmək üçün "The Takeout" sertifikatlı pendir eksperti Molli Braunla danışıb.
Onun sözlərinə görə, pendirin düzgün saxlanmasının əsas şərti hava axınının tənzimlənməsidir.
“Bri, çedder, mağarada yetişdirilmiş və yuyulmuş qabıqlı pendirlər daxil olmaqla, müxtəlif pendir növlərinin saxlanması üçün fərqli hava axını tələb olunur. Bu pendirlərin qabığı canlı mikrob icmalardan ibarətdir və nəfəs almağa ehtiyac duyur. Əgər hava axını məhdudlaşdırılsa, onlar selikli və xoşagəlməz qoxulu olur. Qabığı olmayan kolbi, qauda və provolone kimi pendirlər isə havaya deyil, qurumaya qarşı qorunmaya ehtiyac duyur”, deyə Braun izah edib.
Ekspert bildirib ki, pendiri necə və harada saxlamamız hava dövriyyəsinə təsir edir və o, saxlanmada aşağıdakı səhvlərdən qaçmağı tövsiyə edir.
Mütəxəssis pendiri soyuducuya heç vaxt açıq şəkildə qoymamağı tövsiyə edir, çünki pendir mütləq örtülü olmalıdır:
“Mən xüsusi pendir kağızından istifadə etməyi məsləhət görürəm. Bu kağız pendirin nəfəs almasına imkan verir, eyni zamanda onun qurumasının və soyuducudakı digər məhsullarla təmasda olmasının qarşısını alır. Pendir kağızı, yüksək nəmli təzə pendirlər – məsələn, mozzarella və burata – istisna olmaqla, əksər pendir növləri üçün uyğundur”.
Əgər belə kağız yoxdursa, pendiri perqament kağızına büküb polietilen paketa və ya qapaqlı qaba qoymaqla ona uyğun mikroiqlim yaratmaq olar.
Ekspertin fikrincə, pendirin soyuducuda ayrıca yeri də olmalıdır.
“Pendir digər qoxuları tez əmirdiyinə görə, mən onu digər məhsullardan ayrı saxlamağı tövsiyə edirəm. Bükülmüş pendirləri pendir bölməsində və ya tərəvəz çəkməsində saxlamaq daha yaxşıdır, çünki orada temperatur sabit, rütubət isə daha yüksək olur”, deyə o bildirib.
“Pendir soyuducular icad olunmazdan xeyli əvvəl südü qorumaq üçün yaradılıb, ona görə də bir neçə saat mətbəx stolunda qalması ciddi zərər vermir”, deyə Braun qeyd edib.
Lakin stol üzəri uzunmüddətli saxlanma üçün uyğun deyil. Pendir ən yaxşı halda 1–4 dərəcə Selsi temperaturunda saxlanmalıdır.
"The Takeout" bildirir ki, bu, soyuducular üçün standart temperaturdur, lakin pendirin donmaması üçün soyuducunun həddən artıq soyuq olub-olmadığını yoxlamaq faydalıdır. (Pendir dondurucuda saxlanıla bilər, lakin bu, onun teksturasını və dadını dəyişə bilər.)
Əgər pendiri mütəxəssisin tövsiyə etdiyi kimi xüsusi bölmədə saxlamaq mümkün deyilsə, onu sadəcə soyuducu qapısından uzaq yerləşdirmək kifayətdir. Çünki qapı hər açıldıqda temperatur dəyişiklikləri pendirin tez xarab olmasına səbəb ola bilər. Onun sözlərinə görə, sabit temperatur pendirin keyfiyyətini qorumağa və saxlanma müddətini uzatmağa kömək edir.







