Xəzər Süleymanlı - Günahkar
Nə desən haqlısan, mənəm günahkar.
Üzünə baxmağa utanıram mən.
Niyə and içirsən, uşaq kimiyəm...
Sən yalan desən də inanıram mən...
Demə ki xoşbəxt ol, çat arzu-kama.
Çılğın gəncliyimin sönən dəmidir.
Bu sanki gözü kor olan adama,
"Gözün aydın olsun" demək kimidir.
Daha öz səsim də mənə yad olub,
Hardasa ağlayan körpə səsitək.
Mənim gözlərimdə həsrət iz salıb,
Körpələr evinin pəncərəsitək...







