"Qan gölünə çevrilən diyar indi dirçəlir" - Xocalıda yenidən həyat
"34 il öncə Xocalıda dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş qəddarlığı, 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsini yad edirik. Xocalı faciəsi yalnız azərbaycanlıların deyil, bəşəriyyətin də faciəsidir. Soyqırım əlamətləri ilə yanaşı, bu hadisə sülh və insanlıq əleyhinə cinayətlərin mürəkkəb nümunəsidir və hələ də tam beynəlxalq hüquqi qiymətini almamışdır".
Bunu açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib.
O, qeyd edib ki, Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi Xocalı soyqırımına birbaşa məsuliyyət daşıyır, faktlar isə həm Ermənistan, həm də beynəlxalq mənbələr tərəfindən etiraf olunub. Bununla belə, yalnız bir neçə ölkə və ABŞ-ın bəzi ştatları Xocalını soyqırım kimi tanıyıb:
"Xocalı faciəsi beynəlxalq hüququn Haaqa ("müharibə hüququ") və Cenevrə ("humanitar hüquq") bölmələrinin hər ikisi üzrə ciddi pozuntulara səbəb olub. Faciə zamanı insan hüquqları, mülki əhali, uşaqlar, qadınlar və yaşlılar hədəf alınıb, işgəncə və qeyri-insani rəftar tətbiq edilib, genişmiqyaslı dağıntılar törədilib.
Azərbaycan Respublikası 1996-cı ildən etibarən soyqırımı və sülhə qarşı cinayətlərə görə milli qanunvericilikdə məsuliyyət müəyyən edib. Bununla yanaşı, Xocalı soyqırımı beynəlxalq hüququn və BMT prinsiplərinin pozulması faktı olaraq da qəbul edilməlidir.
Prezident İlham Əliyev və Heydər Əliyev Fondu 34 ildir Xocalının beynəlxalq aləmdə tanınması və xatırlanması üçün çoxşaxəli iş aparır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan azad edərək, Xocalı soyqırımının qisasını alıb və 2023-cü ildə Xocalıda dövlət bayrağımızı ucaldaraq ədaləti bərpa edib.
Bu gün Xocalı bölgəsi bərpa olunaraq müasir yaşayış məskəninə çevrilməkdədir və "Böyük Qayıdış" prosesi reallaşır. 34 il əvvəl qan gölünə çevrilmiş bu diyar indi dirçəlir və xalqımız Heydər Əliyev siyasi kursunun və İlham Əliyev-in qətiyyəti sayəsində ədalətin bərqərar olmasına şahiddir".






