Süleyman Abdulla - Kölgə ilə söhbət
Daha təsəllidən keçib və xeyli,
Sümüyə dirənən bıçaq da kütmüş.
Nə dünya kefsizdir, nə mən gileyli,
Amma ağrıları nəsə hürkütmüş.
O kölgə bilmirəm, kimdi, nə güdür,
Qırılır dünyanın harasında yol.
Günahlı, savablı insan ömrüdür
Keçmişlə gələcək arasında yol.
Ölüm gələndə də xoş sayıla, dost,
Gəlib də çıxmadı yolu yomrulu.
Yoxdu qılınc çəkən Əzrayıla, dost,
İndi hardan alaq dəli Domrulu?
Zaman hövsələmi çoxdan daşırmış,
Həmişə həyatın rəngi ağ olmur.
Adam qocaldıqca uşaqlaşırmış,
Dönüb başlanğıca qayıtmaq olmur.
Baxma köks ötürüb nəfəs dərə, dost,
Dayanıb gözləmə sonu... de, keçib.
Mən çoxdan öyrəşdim itkilərə, dost,
Daha təsəllidən keçib e, keçib.






