Yara
Qız əlinə qənimmiş biçaqlar dəstə-dəstə.
Dəsmal yoxdur — nərdədir, nər həmişə yol üstdə.
Dəvə çatar - kəsiklər şəfa tapa bir gözdə.
Amandır qəlbə düşsə — sağalmaz ki yaralar.
Aman qəlbə düşməsin, qəlbin iti yaddaşı.
Dəcəllikdən həsrətə dad dəyişər gözyaşı
Qız qəlbi sözlə dolu — ancaq əngəl baş daşı.
Qəbrin o tayında da, bəlkə duyur atalar?
Atanın sevgisinə məzar ki əngəl deyil.
Ata görünməz olar, ona yazılmaz şeir.
Elə ki balasına bu dünya çətin gəlir,
Ata yuxuya gələr — Yoxsa niyə yuxu var?
Vaxt keçdikdə sanarlar, unudubdur dərdini.
Dərdsə o qızla qalar gizlətdiyi dost kimi.
İllər gəlib keçsə də, — sanar yaş on yeddidir:
Ata gedəli gündən böyümür ki uşaqlar.
Ata gedəli gündən hey tələsir zaman da.
Ürkək bir yavru idi -- dayaq oldu bir anda.
Tanrı, bu nə fəryaddır o qızın sükutunda?
Bir vaxtın dəcəl qızı çevrilib şeir olar.
Hərə təsəlli verər, «döz» vardır hər ağızda.
Dərdlər ki yarpaq deyil — itib batsın payızda.
Bu şeir də saralıb, gedəcək bir kağızda.
İlahi, nə ağrılı olur Şeir-qadınlar.
Cavidan Hacıyev.







