Mən ki, sənə demişdim ta əzəldən
Mən ki sənə demişdim ta əzəldən,
Canım qalıb qayğıların əlində.
Ürəyimin qapısında yatırdın,
Gözündə yaş, duyğuların əlində.
Güya əsir-yesir idin bu eşqə,
Gözlərində qığılcımlar yanırdı.
Heyif oldu o ötüşən illərim,
Mən eşqini əbədilik sanırdım.
Tez inandım ürəyinin sözünə,
Həzin-həzin duyğulara büküldüm.
Yağı-yağı yağmaladın ömrümü,
Dağım-dağım, pillə-pillə söküldüm.
Mən ki sənə demişdim ta əzəldən,
Canım qalıb qayğıların əlində.
Gedirdinsə, niyə gəldin qapıma?
Gözündə yaş, duyğuların əlində.
Əfsanə Rəvan







