Çin İrana Dəstək Verməyəcəyini ABŞ-la Görüşdə Açıq Bildirdi - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ və Çin arasında keçirilən son yüksək səviyyəli görüşdə İran məsələsi əsas müzakirə mövzularından biri olub. ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında baş tutan görüşdən sonra Vaşinqton tərəfi Pekinin İrana hərbi dəstək verməyəcəyinə dair mesajlar aldığını açıqlayıb. Bu açıqlama beynəlxalq ictimaiyyətdə diqqətlə izlənilir.
Reuters və digər Qərb media qurumlarının yaydığı məlumatlara görə, tərəflər həmçinin Yaxın Şərqdə gərginliyin daha da artmaması və Hörmüz boğazının açıq qalmasının vacibliyi barədə ortaq mövqe nümayiş etdiriblər. ABŞ rəsmiləri hesab edir ki, Çin regionda sabitliyin qorunmasında daha praqmatik davranmağa çalışır. Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev Sun.Az
-a açıqlamasında bildirdi ki, Çin rəhbərliyinin İran məsələsində ehtiyatlı mövqe sərgiləməsi təsadüfi deyil. Onun sözlərinə görə, Pekin hazırda ABŞ ilə münasibətlərdə iqtisadi və geosiyasi balansı qorumağa çalışır və bu səbəbdən Yaxın Şərqdə açıq qarşıdurmanın tərəfi kimi görünmək istəmir: "Çin üçün əsas prioritet enerji marşrutlarının təhlükəsizliyi və qlobal ticarətin sabit qalmasıdır. Pekin İranla münasibətləri tamamilə zəiflətmək niyyətində olmasa da, Vaşinqtonla gərginliyin daha da artmaması üçün daha praqmatik və diplomatik xətt seçir.
ABŞ və Çin arasında bu mövzuda əldə olunan anlaşma Yaxın Şərqdə mümkün eskalasiyanın qarşısını qismən ala bilər. Xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələləri həm Qərb ölkələri, həm də Çin üçün strateji əhəmiyyət daşıyır".
Müəllif: İlkin Məmmədkərimov






