Bitdi bu məhəbbət
Söndür işıqları, pərdəni yendir,
Bitdi bu məhəbbət oyunu daha.
Biz gərək tərk edək səhnəni indi,
Yox bunun o yanı-bu yanı daha.
Niyə Leyli-Məcnun ola bilmədik?
Onlardan nəyimiz axı pis oldu?
Biz sevgi yolunda ölə bilmədik,
Ölən biz olmadıq, sevgimiz oldu.
Gəl, daha ayıraq yollarımızı,
Biz gedən bu yolun o başı yoxdu.
Biz pis oynamadıq rollarımızı,
Heyif, tamaşaçı alqışı yoxdu...
Ramiz Rövşən






