Belarus Prezidenti: Ermənistan çox diqqətli olmalıdır
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ermənistan xalqı Ukraynada baş verən hadisələrin təkrarlanmaması üçün ehtiyatlı davranmalıdır. Sun.Az
xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
Lukaşenko qeyd edib ki, Ermənistan rəsmilərinin Avropa İttifaqına inteqrasiya etmək və Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq niyyəti ilə bağlı səsləndirdiyi bəyanatlar qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar ola bilər. Onun sözlərinə görə, bu cür yanaşma AİB-in nüfuzuna xələl gətirir və birlik daxilində digər üzv dövlətlər də bu mövqeni bölüşürlər.
"Ermənilər Ukraynada baş verənləri təkrarlamamaq üçün çox diqqətli olmalıdırlar. Ukraynada hər şey məhz belə başladı. Bunu xatırlayırsınız. Müharibədən yenicə çıxmış erməni xalqının yenidən çətin vəziyyətlə üzləşməsini istəmərik", - deyə Belarus Prezidenti vurğulayıb.






