İki tanrı/ El Roman
Göylərdə yaşayan qız, baxdım ki, göylərdəsən,
sənə qanad gətirdim.
Salamat qal demişdim, sən salamat qal deyə,
mən salavat gətirdim.
Sən məni tərk eylədin, mən də səni unutdum,
indi harda günahdı?
Unudardım, heyif ki, unutmaq intihardı,
intihar da günahdı.
Evinizin önündə həsrət çəkən ürəyə
dağlamaq öyrətmişəm.
Adını çəkə-çəkə küçənizin itinə
ağlamaq öyrətmişəm.
İti də bezdirmişəm, artıq o da öyrəşib
dərdini mənlə bölür.
O qədər bezdirmişəm, məni görəndə hürür,
səni görəndə gülür.
Od olmayan yerlərdən tüstü çıxmır, əzizim,
bu da sənin tüstündü.
İki tanrım var mənim, biri səndən üstündü,
biri sənin büstündü.







