İsrail İranda neft-kimya zavoduna zərbə endirib
Yarı-rəsmi Fars xəbər agentliyi bazar ertəsi günü bir məmura istinadən bildirib ki, İsrail İrandakı neft-kimya zavoduna hava hücumu edərək zavodun bir hissəsinə zərər vurub. Sun.Az
CNN-ə istinadən xəbər verir ki, Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəndər-e Mahşar şəhərində yerləşən Karun Neft-Kimya Şirkəti İsrail mərmiləri ilə vurulub. Bu barədə regional qubernatorun təhlükəsizlik məsələləri üzrə müavini bildirib. İsrail Müdafiə Qüvvələri X-də paylaşım edərək bildirib ki, hava qüvvələri kompleksdəki "bir neçə hədəfi vurub". Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, Neft-Kimya Xüsusi İqtisadi Zona Təşkilatı işçilərinin təxliyəsi barədə əmr verib.
İsrail qüvvələri daha əvvəl aprel ayında Şiraz və Cənubi Pars da daxil olmaqla ərazilərdə neft-kimya müəssisələrinə hücum etmişdi . Mart ayında ABŞ prezidenti Donald Tramp İranın enerji infrastrukturuna zərbələrin dayandırıldığını elan etmişdi.
Müəllif: İlkin Məmmədkərimov






