Unutmusan
Sən çox da denən: "Sevirəm",
Gözlər deyir: "Unutmusan".
Kəlməbaşı eyham vuran
Sözlər deyir: "Unutmusan".
Çəkdiyim nədir əlindən...
Zəhər yağır bal dilindən.
Görüş yerindən silinən
İzlər deyir: "Unutmusan".
Meylimi sənə salandan
Əl götürdüm şirin candan.
Bir düz xoşdur min yalandan
Düzlər deyir: "Unutmusan".
Ürəyimdə boş qoyduğum,
Dəfn eyləyib daş qoyduğum,
Rahatlıqla baş qoyduğum
Dizlər deyir: "Unutmusan".
Eyləmisən bağrımı qan,
Mən demirəm, ay unutqan,
Yarama basdığın şan-şan
Közlər deyir: "Unutmusan".
Amid FƏRƏCOV






