Günah
Günah var, oyatmır yuxudan bizi
Günah var, insanın vicdanın əzir.
Günah var, atılır yetimxanaya
Günah var, qocalar evində gəzir.
Günah var, ən şirin nəzir payıdır
İnsan dilənçidir, dilənir onu.
Günah var, şeytan da narazı qalır
Günah var, Allah da bəyənir onu.
Günah var, yağ kimi cana yayılır
Günah var, ilişir boğazda qalır.
Günah var, yüz ilin səcdəsi yumur
Günah var, bir rükət namazda qalır.
Günah var, gecəni səhərə çıxmır
Günah var, gecəyə ağ işıq verir.
Günah var, insanın eyibin açır
Günah var, insana yaraşıq verir
Hər kəsə üzməyi öyrədir həyat
Hərə bir günahda boğulub, ölür
Günah var, yüzillik ömür yaşayır
Günah var, anadan doğulub, ölür.
Anar Ramazan






