"Xəbərin varmı?"
Hər gün gecə-gündüz ahlar çəkirəm,
Sənsiz darıxıram, xəbərin varmı?
Çəkdiyim ahların qoynuna girib,
Göylərə qalxıram, xəbərin varmı?
Sənsiz yuxuları sənə yozuram,
Hətta, səndən sənə məktub yazıram,
Bax belə günbəgün itib, azıram,
Yadımdan çıxıram, xəbərin varmı?!
Mənimtək özünə əl qatmamısan,
Bir gecə qəlbini ovutmamısan,
Bilmirəm, yatmısan, ya yatmamısan,
Şəklinə baxıram, xəbərin varmı?
Təpədən-dırnağa tər içindəyəm,
Elə zənn edirəm, can üstündəyəm
Dəli yox, dəlidən betər gündəyəm,
Özümdən qorxuram, xəbərin varmı?
Mirələm Məmmədov






