Ukraynaya dəstək Rusiyanı Avropaya qarşı yönəldə bilər
Rusiyanın Avropa ölkələrinə hücum planı olmayıb, lakin mövcud şəraitdə bu ssenari nəzərdən keçirilə bilər. Sun.Az xəbər verir ki, bu fikri Finlandiya Azadlıq Alyansının üzvü Armando Mema X sosial şəbəkəsindəki paylaşımında səsləndirib.
Mema bildirib ki, Danimarka hökuməti bu yaxınlarda Ukraynanın Avropanın təhlükəsizliyi naminə mübarizə apardığını bəyan edib və Rusiyanın Ukrayna vasitəsilə dayandırılacağı təqdirdə Avropaya hücum etməyə cəsarət etməyəcəyini vurğulayıb.
Siyasətçi bu yanaşmanı yanlış hesab etdiyini bildirib.
"Danimarka hökuməti bu yaxınlarda Ukraynanın Avropa adından və onun təhlükəsizliyi uğrunda mübarizə apardığını bəyan etdi. Onlar hesab edirlər ki, Rusiya Kiyevin köməyi ilə dayandırılsa, heç vaxt Avropaya hücum etməyə cəsarət etməyəcək. Bu, ciddi yanlış təsəvvürdür. Rusiya məhz ona görə Avropaya hücum etməyi nəzərdən keçirə bilər ki, Ukraynaya göstərilən hərbi dəstək nəticəsində Rusiya vətəndaşları həyatını itirir", - deyə Mema yazıb.






