Tramp Almaniya, Böyük Britaniya və İtaliyanı hədəf aldı
ABŞ prezidenti Donald Tramp Almaniyanın NATO çərçivəsində müdafiə xərclərini "gülünc" adlandırıb. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Handelsblatt nəşri Ağ Ev rəhbərinin açıqlamasını yayıb.
Tramp Almaniya ilə yanaşı, Böyük Britaniya və İtaliyanın da NATO çərçivəsində müdafiə sahəsinə ayırdığı vəsaiti tənqid edib. Bununla belə, o, fikrini hansı məlumatlara əsaslandırdığını açıqlamayıb və Almaniyanın müdafiə xərcləri ilə bağlı konkret rəqəmlər səsləndirməyib.
Nəşr qeyd edir ki, NATO-nun 2025-ci il üzrə illik hesabatına əsasən, Almaniya müdafiə xərclərinin həcminə görə Alyansda ikinci yerdə qərarlaşıb. Hesabata görə, ölkə 2025-ci ildə müdafiə büdcəsini inflyasiya nəzərə alınmaqla əvvəlki illə müqayisədə 20 faizdən çox artıraraq 88,8 milyard avroya çatdırıb.
Eyni hesabatda bildirilir ki, Avropa müttəfiqləri və Kanada ümumilikdə müdafiə xərclərini 19,6 faiz artıraraq 574 milyard dollara yüksəldiblər.






