Mən necə edim ki, unudum səni?
Ən gözəl şeirimdə çəkilir adın,
Səninlə görmüşəm, sevginin dadın,
Ay məni özünə sevdirən qadın,
Mən necə edim ki, unudum səni?
Gətirdin dilinə ayrılıq sözün,
Danışmırdı dilin, görmürdü gözün,
Günahkar özünsən, səbəbkar özün,
Mən necə edim ki, unudum səni?
Nə məni xatırla, nə yadına sal,
Nə taqətim qalıb, nə canımda hal,
Bax indi mən sənə verirəm sual,
Mən necə edim ki, unudum səni?
İtirdin özünə olan güvəni,
Yadından çıxartdın düzü-dönəni,
Görünür sən artıq unutdun məni,
Mən necə edim ki, unudum səni?







