Ayrılaq
Görmürsənmi,neyniriksə alınmır,
Ay həyatım,ay əcəlim,ayrılaq.
Nə fərqi var,səndən ötrü birdi də;
Ya axırım,ya əvvəlim,ayrılaq.
Gördüm çatmaz ömür Səndən doymağa,
Döndüm dərdin barmağında oymağa.
Bu sevginin nöqtəsini qoymağa,
Gəlməsə də heç cür əlim,ayrılaq.
Könlümüzdə son baharın"tansı"dı,
Fürsət düşüb,ayrılığın şansıdı.
Səndən ötrü düşərli gün hansıdı,
Gör təqvimdə?Mənim dəlim,ayrılaq.
Bu qurbandan qurbankəsən yaxşıdır..
İki pisdi-nə mən,nə Sən yaxşıdır..
Yol uzaqdı,Sən gəlməsən yaxşıdır.
Vaxtını de,özüm gəlim,ayrılaq.
Dözəmmərəm gözündə yaş olmasın,
Nə həyəcan nə bir təlaş olmasın,
Elə elə,dava-dalaş olmasın,
Gözəl-gözəl,həlim-həlim ayrılaq.
Loğmanlım ey,təbiblim ey,həblim ey...
Gül ətirli,bal çiçəkli ləblim ey...
Gələn dəfə güc taparam,nəblim ey...
Bu dəfə də gedim-gəlim,ayrılaq.
Ayaz Arabaçı







