Yaponiyada güclü zəlzələnin qurbanlarının sayı artdı - 34 nəfər ölüb
Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş vermiş 7,1 maqnitudalı zəlzələnin qurbanlarının sayı 34 nəfərə yüksəlib. Loading.Az
Associated Press-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, həyatını itirənlərdən səkkizi Yatsuşiro şəhərində yerləşən "Nippon Paper Industries" zavodunda tüstü borusunun uçması nəticəsində ölüb.
Kaşima şəhərindəki "AEON Mall" ticarət mərkəzində davam etdirilən axtarış-xilasetmə əməliyyatları zamanı daha iki nəfər aşkar edilib. Onlardan birinin öldüyü təsdiqlənib və bununla da həmin ticarət mərkəzində həlak olanların sayı beşə çatıb.
Rəsmi məlumata əsasən, zəlzələ nəticəsində 39 nəfər ağır və orta ağır, 22 nəfər isə yüngül xəsarət alıb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində Kumamoto prefekturasında 415 təxliyə mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, təxminən 74,8 min ev təsərrüfatı içməli sudan, 23 minə yaxın ev isə elektrik enerjisindən məhrum qalıb. Xilasetmə və bərpa işləri davam etdirilir.
Müəllif: İlkin Məmmədkərimov






