Rusiyalı turistlərə qarşı rəftar iddiaları Gürcüstanda cinayət işi ilə nəticələndi
Gürcüstanda rusiyalı turistlərə qarşı qeyri-adekvat rəftar edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar üzrə cinayət işi açılıb. Loading.Az xəbər verir ki, bu barədə RİA Novosti Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumat yayıb.
Məlumata görə, böhtan xarakterli informasiya kampaniyası ilə əlaqədar "sabotaj" maddəsi əsasında istintaqa başlanılıb. Bildirilir ki, kampaniya xaricdən təşkil olunub və Gürcüstanda ölkənin dövlət maraqlarına, eləcə də iqtisadiyyatına zərər vurmaq məqsədi daşıyıb.
DTX-nin açıqlamasına əsasən, bir neçə saxta sosial media hesabı rusiyalı turistlərin Gürcüstanın meşələrində tərk edildiyi və restoranlarda sifarişlərinin qəsdən korlandığı barədə həqiqəti əks etdirməyən məlumatlar yayıb. Daha sonra həmin iddialar xaricdə qeydiyyatdan keçmiş, milyonlarla izləyicisi olan onlayn media platforması tərəfindən də tirajlanıb.






