IMAX zalında kondisioner işləmir - Tamaşaçılara ödənişdən sonra məlumat verilir
Bakıda yerləşən "Flame Towers" kompleksindəki Park Cinema-nın IMAX zalında bir neçə gün ərzində kondisioner sistemi işləməyib. Loading.Az
"1news.az"a istinadən xəbər verir ki, 282 nəfərlik zalda axşam seansları tam dolu olub. Biletlərin bir neçə gün əvvəldən satıldığı bildirilib. Bununla bağlı şikayət sosial şəbəkədə yazılıb.
Ziyarətçilərdən biri problemdən yalnız biletin ödənişini etdikdən sonra kassadakı əməkdaş tərəfindən xəbərdar edildiyini bildirib. Əvvəlki seansdan çıxan tamaşaçılar isə zalın içərisində temperaturun foyedəkindən xeyli yüksək olduğunu söyləyiblər.
Bileti geri qaytarmaq mümkün olsa da, seansın başlamasına az vaxt qaldığından kassadakı növbə səbəbindən bu, praktiki olaraq çətin olub.
Şirkətdən bildirilib ki, buna anomal isti hava və zalın tam dolu olması səbəb olub.
Qeyd edək ki, IMAX zalında seanslar əvvəlcədən, hətta iki həftə əvvəldən tam satılıb. Buna baxmayaraq, 14 avqust tarixində onlayn bilet satışında kondisionerin işləməməsi ilə bağlı hər hansı xəbərdarlıq yer almayıb və seanslar əvvəlki qaydada satışa çıxarılıb.
Həmin gün IMAX zalında biletin qiyməti 14 manat olub. Bu, adi zalın bilet qiymətindən 56 faiz bahadır.
Məsələ ilə bağlı İstehlakçıların Hüquqlarının Müdafiəsi İttifaqında vəziyyət istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumuna sorğu göndərilib. Xəbər yayımlananadək sorğuya cavab verilməyib.






