ice berg

ice berg İdman 16-09-2026, 17:00

2027-ci il Formula 1 Azərbaycan Qran-prisi yenə sentyabrda olacaq

2027-ci il Formula 1 Azərbaycan Qran-prisi yenə sentyabrda olacaq

Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci il Formula 1 Dünya Çempionatının təqvimini açıqlayıb.

 

Bakı Şəhər Halqasından verilən məlumata görə, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində baş tutacaq.

 

2027-ci il mövsümü martın 12–14-də keçiriləcək Bəhreyn Qran-prisi ilə başlayacaq. Dünya çempionatının sonuncu yarışı isə dekabrın 10–12-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutacaq.

 

Çempionat 22 ölkədə keçirilərək 24 mərhələdən ibarət olacaq. 2027-ci ildə sprint yarışlarının sayı 6-dan 10-a çatdırılacaq. Mövsümün ilk rəsmi mövsümöncəsi testləri isə fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında baş tutacaq.

 

“2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi idmanımızın qlobal miqyasda artan populyarlığını və davamlı inkişafını aydın şəkildə nümayiş etdirir. Beş qitədə 24 Qran-prinin keçirilməsi, Portuqaliya və Türkiyənin təqvimə qayıtması, eləcə də sprint yarışları proqramının genişləndirilməsi ən yüksək idman standartlarını qorumaqla ənənələri, yenilikləri və azarkeş marağını bir araya gətirir.

 

Formula 1 rəhbərliyinə, promouterlərə, milli idman federasiyalarına, FIA-nın rəsmilərinə və könüllülərinə, eləcə də bütün tərəfdaşlarımıza əməkdaşlığa və göstərdikləri səylərə görə təşəkkür edirəm. Birgə fəaliyyətimizlə FIA Formula 1 Dünya Çempionatını daha da gücləndirməyə və həm iştirakçılar, həm də dünyanın hər yerindəki azarkeşlər üçün möhtəşəm mövsüm keçirməyə davam edirik”, - deyə FIA-nın prezidenti Məhəmməd ben Sulayem bildirib.

 

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qeyd edib ki, 2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır: "Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.

 

Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm — gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır. Həmçinin, FIA prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”.

 

Beləliklə, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabrda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
14 16 20 18 8 14

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.