Ölmədən bir istəyim var gələrsən.....
GəL öpüşək, birgə ölək, əzizim
Ölümlü dünyadır özün bilirsən
Nəfəs gəldi, nəfəs getdi ölürsən,
Ölmədən bir istəyim var gələrsən,
Məhv olmasın arzu-dilək əzizim,
Gəl öpüşək, birgə ölək əzizim.

Son baxışım gül üzünlə, təninlə,
Qoy keçməsin həmin anlar hüzünlə,
Bir yaşaya bilməsəm də səninlə,
Barı yarı ömrü bölək, əzizim,
Gəl öpüşək, birgə ölək, əzizim.

Çətin görəm birdə nur baxışları,
Hiddətlənib çatılan düz qaşları,
Qəlbimizə axan qəmli yaşları,
Sarılaraq eşqlə silək əzizim,
Gəl öpüşək, birgə ölək, əzizim.

Dodağımda sabahların jaləsi,
Yanağımdan axır eşq piyaləsi,
Sən gözümdə bir ölüm ilahəsi,
Qabağlayaq əcəli gələk, əzizim,
Gəl öpüşək, birgə ölək, əzizim.

Kimlər bizə yas saxlayar bilmirəm,
Ürəyini kim dağlayar bilmirəm,
Bizdən sonra kim ağlayar bilmirəm,
Biz ölümə ancaq gülək əzizim,
Gəl öpüşək, birgə ölək əzizim.







