“WhatsApp” çoxdan gözlənilən yeni funksiyanı təqdim edəcək
“WhatsApp” istifadəçilərə mesajları qarşı tərəfə oxundu bildirişi göndərmədən oxumağa imkan verən yeni funksiya üzərində işləyir.
Loading.az xarici mediaya istinadən xəbər verir ki, yenilik Android əməliyyat sistemi ilə çalışan cihazlarda istifadəyə veriləcək.
Məlumata görə, şirkət mesajları birbaşa söhbətlər siyahısından oxumağa imkan verən yeni aləti sınaqdan keçirir. Funksiya “WhatsApp”ın Android üçün hazırlanmış 2.26.44.11 nömrəli sınaq versiyasında aşkar edilib.
Yenilikdən istifadə etmək üçün söhbətlər siyahısında istənilən yazışmanın üzərinə basıb saxlamaq lazım olacaq. Bundan sonra ekranın yuxarı hissəsində mesajlara önbaxış pəncərəsi açılacaq.
İstifadəçilər həmin pəncərədə son mesajları oxuya və yazışmanı aşağı-yuxarı sürüşdürərək əvvəlki mesajlara baxa biləcəklər. Bunun üçün söhbəti açmağa ehtiyac qalmayacaq.
Ən mühüm üstünlük isə mesajların oxunma statusunun dəyişməməsidir. Beləliklə, qarşı tərəf göndərdiyi mesajın oxunduğunu görməyəcək.
“WhatsApp” yeni önbaxış pəncərəsinə əlavə idarəetmə imkanları da daxil etməyi planlaşdırır. İstifadəçilər söhbəti açmadan mesajları oxunmuş kimi işarələyə, yazışmanı siyahının yuxarı hissəsinə bərkidə, arxivə köçürə və ya tamamilə silə biləcəklər.
Bundan başqa, genişləndirilmiş menyuda söhbəti kilidləmək, əlaqə məlumatlarına baxmaq və telefonun əsas ekranında yazışma üçün qısayol yaratmaq mümkün olacaq.
Qeyd edək ki, iPhone cihazlarında mesajlara önbaxış imkanı artıq mövcuddur. Lakin WABetaInfo-nun məlumatına görə, Android üçün hazırlanan yenilik daha geniş imkanlar təqdim edəcək. Xüsusilə istifadəçilər önbaxış pəncərəsində yazışmanın məzmununu sürüşdürərək nəzərdən keçirə biləcəklər.







