ParadiseSark

ParadiseSark Hekayələr 16-01-2021, 11:30

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 17.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 17.
17-ci bölüm..
---------
Ürəyimin döyüntüsünü eşidirdim. Elə hiss edirdim ki yuxudayam. Bu yuxudan oyanmaq istəmirdim. Nə deməliyəm? Mən də darıxmışdım. Bunu inkar etmək haqsızlıq deyildimi? Susub üzünə baxırdım. Üzümə düşən saçlarımı əli ilə qulağımın arxasına keçirdi. İsti nəfəsini boynumda hiss etdim. Qulağıma " Deyəsən, yerin rahatdır " deyə fısıldadı. Nə dediyini hələ yeni anlayırdım. Yanaqlarım yanırdı. Cəld üstündən çəkilib döşəmədə oturdum. Kənan yerə düşən telefonunu götürüb ayağa qalxdı.
Mən: Bir azdan işıqlar yanar yəqin?
Kənan: Təəssüf edirəm.. gecəni qaranlıqda keçirməyə məcburuq.
Başımı aşağı salıb dayandım. Ah, indi anam mənə nə qədər zəng edib. Neçə saatdır telefonumu söndürmüşdüm. Telefonu açıb gələn zənglərə baxdım. 23 dəfə zəng eləmişdi anam. İndi ona nə deyəcəyimi fikirləşirdim. Anama zəng etdim. Mənə görə narahat olmuşdu.
- Qızım, telefonun sönülü idi. Bəs demirsən anam nigaran qalıb?
Anam mənə güvənirdi.. Ona yalan danışdığım üçün xəcalət çəkirdim: " Anacan, nə üçün narahat olursan? İlk dəfə deyil ki. Yatmışdım deyə telefonu söndürmüşdüm."
Anam rahat olmuşdu. Sağollaşırdıq ki,Kənanın səsi eşidildi: " Nazlı, Yeməyə... " Kənan sözünü tamamlamamış üstünə qaçıb əlimlə ağzını bağladım. Kənan təəccüblə üzümə baxdı. Qarşı tərəfdən anamın səsi eşidildi: Yanında kimsə var, qızım?
Səsimi sabitləyib növbəti yalanı anama göndərdim: " Yox,anacan.. Kim olasıdır.. Televizora baxıram.." Danışdığım yalana görə utanırdım. Anamla sağollaşıb Kənandan uzaqlaşdım. Kənan əlindəki şamları masanın üstünə qoyub yandırdı: "Telefonla danışdığını bilmirdim."
Mən: Önəmli deyil. Bu gün yalan danışmaq günümdür.
Kənan gülümsədi: "Yemək yeyək".
Mən: Bu bizim ilk şam yeməyimiz sayılır hə?
Kənan başını razılıq əlaməti olaraq silkələdi və gülümsədi. O soyuq, buz baxışlı adamdan əsər yox idi.. Yeməkdən sonra masanı toplayıb əyləşdim. Bu gün yorucu olmuşdu Və yuxum var idi. Saat 1i keçirdi. Telefonumu açıb radionu yandırdım. Kənan əlində kofe ilə geri qayıdıb yanımda əyləşdi. Kofedən bir qurtum aldım. Heç nə danışmırdıq.. Bəlkə də susmaq ən yaxşısı idi. Radioda oxuyan mahnıyı dinləyirdik. Kənan əlindəki fincanı masaya buraxıb "Gəl rəqs edək" dedi. Fikirləşmədən əlimi ona uzatdım:"Mən indiyə qədər kimləsə rəqs etməmişəm".
Kənan dodağını yuxarı qıvırdı: " İlklərini mənlə yaşayırsan".
İlklər.. Mənə yad olan hissləri Kənanla kəşf etmişdim. Yaxşı ya da pis nə gəlmişdisə Kənandan gəlmişdi mənə. İllərdir acısını ürəyimdə daşıdığım adam məni bir gündə xoşbəxt etməyi bacarmışdı. Başımı Kənanın sinəsinə qoyub bu anın bitməməsini dilədim..
Nə desəm də qəlbimə,
Bir söz deyə bilmirəm..
Sən baxma sözümə,
Sənsiz qala bilmirəm..
Sən çarəsiz xəstəlik,
Mən sənə vurulmuşam!
Sağalması çox çətin,
Mən sənə yoluxmuşam!
Mahnı sözləri məni kövrəltmişdi. Mən anlamışdım, onsuz qala bilmirdim. Gözlərim sözümə baxmırdı. Yanağım boyunca axan göz yaşları Kənanın köynəyinə damlayırdı. Mahnının bitməsi ilə Kənandan uzaqlaşdım. Məni belə görsün istəmirdim. Kənan ağladığımı hiss edib üzümü əlləri arasına aldı: "Eləmə belə. Ağlamağını istəmirəm daha".
Göz yaşımı sildi.
Mən: Yuxum var..
Kənan: İçəridəki çarpayı köhnədir, rahat deyil. Divan daha yaxşıdır, sən divanda yatarsan.
Mən: Bəs sən?
Kənan: Mən də içəridə.
Mən: Tək qala bilmərəm. Qaranlıqdan qorxduğumu bilirsən.
Kənan: Amerikaya getmirəm. Qarşı otaqda olacam. Qorxsan məni səsləyərsən. (göz qırpıb otağa getdi)
Əlində yastıq və nazik yorğanla geri qayıtdı: "Səhər soyuq olur, üşümə deyə sənə yorğan gətirdim."
Yerimi rahatlayıb uzandım.
Kənan: İllərdir bu evdə yaşayış yoxdur. 4 il əvvəl belə vəziyyətdə deyildi amma.. Bilsəm səni bura gətirməzdim.
Mən: Önəmli deyil. Rahatam. Çox sağ ol.
Kənan: Gecən xeyrə.
Mən: Dayan, Kənan.
Geri çevrilib mənə baxdı. Az qalsın nə deyəcəyimi unudurdum: "Sabah şəhərə qayıdacağıq?"
Kənan: Danışacağın bir şey yoxdursa, hə. Qayıdacağıq..
Əlavə bir söz deməyib otağa keçdi. Saata baxıb telefonumu yastığın altına qoydum. Gözlərimi bağlayıb özümü yuxunun qollarına buraxdım.. Sanki, boşluğa düşürmüş kimi hiss edib dik atıldım. Saata baxdım,cəmi 15 dəqiqə yuxuda olmuşdum. Su içib yenidən divanda uzandım. Baxdığım bütün qorxu filmləri yadıma düşmüşdü. Arxada kimsə dayanmışdı elə bil. Masanın üstündəki şam ərimişdi. Telefonumun işığını açıb şamı söndürdüm. Yastığımla yorğanımı qucaqlayıb otağa qaçdım. Kənanı səslədim. İşığı üzünə doğrultdum. Qollarını başının altında birləşdirib yatmışdı. Çarpayının kənarında oturub yorğana büründüm. Kənanın üzünü incələyirdim. Qaşlarını çatmışdı.Kirpikləri necə də uzun idi, alnında xəfif qırış vardı. Əlimi yanağında gəzdirdim. Üzünün tükü ovucumu qıdıqladı..
- Kaş səninlə başqa şərtlər altında tanış olsaydıq.. Peşman olduğun o qədər bəllidir ki.. Amma nə etməli..Kaş ürəyimdə yaranı yox sevgini yerləşdirərdin. O kabus dolu gecəni unuda bilmirəm.. Amma səndən keçə bilmirəm ki.. Nə etsəm də alınmır..
Barmağımı qurumuş dodaqları üzərində gəzdirdim. Başını yana çevirdi. Cəld Kənandan ayrılıb çarpayının o biri tərəfinə keçdim. Çarpayı həqiqətən də köhnə idi. Bir az hərəkət edən kimi sınacaqdı sanki. Qəfil göy guruldadı. Elə hiss elədim ki kimsə otağın qapısını açdı. Qorxudan dik atılıb çarpayının ortasına keçdim. Əsl adrenalini indi yaşadım. Çarpayının ortasında sıxılmışdım. Bu dəfə Kənan üstümə düşmüşdü. Kürəyimin döşəməyə dəydiyini hiss edirdim. Kənan möhkəm gülməyə başladı: "Belə bitəcəyi ağlıma gəlməzdi".
Mən: Nə?? Sən bayaqdan oyaqsan?
Kənan: Maraqlı danışırdın deyə mane olmadım.
Kürəyim çarpayının arasında sıxılıb qalmışdı. Üzümü turşutdum: " Bəlkə, məni buradan çıxarasan?"
Kənan qolumdan tutub özünə tərəf çəkdi: "Sənə demişdim axı çarpayı köhnədir" (göz qırpdı)
Kənanı itələdim: Nə demək istəyirsən?
Kənan təslim olmuş kimi əllərini yuxarı qaldırdı.
Mən: Bura qorxu evinə bənzəyir. Qaranlıqda ürəyim sıxılır. Sən isə məni ələ salırsan..
Kənan ciddi dayanıb mənə qulaq asırdı. Sözümü bitirəndə otaqdan çıxdı. Qaranlıqda belə rahat gəzməyinə heyran qaldım. Telefonumu götürüb ardınca getdim. Şam yandırıb masanın üzərinə qoydu.. Divanda oturub onu gözləyirdim.
Kənan: Uzan.
Mən: İstəmirəm. Yuxum yoxdur.
Kənan: ... [Üzümə baxıb dodağını yuxarı qıvırdı]
Mən: Yatmamışdın?
Kənan: Yox.
Mən: Deməli, eşitdin.
Kənan: O gecənin bədəlini ödəmişəm, məncə. Peşmanam amma sənə qarşı hiss etdiyim duyğu peşmanlıqdan daha böyük duyğudur. Məni anlayırsan? Sən "ilklərini" mənlə yaşamısan. Amma mənim də sənlə yaşadığım çox şey İlkdir. Mən də istəyərdim ki hər şey başqa cür olsun.
"Bunu bilməyini istəyirəm" dedi əllərimi tutaraq. " Başqa şərtlər altında da tanış olsaydıq sənə bu sözü deyəcəkdim".
Sual dolu baxışlarla üzünə baxdım. Dodağından tökülən sözlər qulaqlarıma deyil ürəyimə doğru yol aldı.
- Mən səni sevirəm, Nazlı.

17-ci bölüm sonu.
Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
858 743 765 773 761 751

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.