İtlər pişikləri niyə sevmir?
"İt-pişik kimisiz" ifadəsi güclü nifrət hissini ifadə edir. Bu iki heyvanın sözün əsl mənasında bir-birinə nifrət etdiyinə inanılır. Bu, populyar mədəniyyətdə də öz əksini tapır
Zəif təlim keçmiş və ya sahibsiz itlər pişiklərə hücum edirlər. Bəs bunun səbəbi nədir? Əksər itlər pişiklərdən daha böyükdür və onlar həm də ətyeyən heyvanlardır. İtlər özlərindən kiçik heyvanları ovlayırlar, çünki onların beyinləri belə işləyir.
İtlərin instinktləri onlardan qaçan ovunu qovmağı əmr edir. İtlər təkcə pişikləri deyil, ümumiyyətlə, özlərindən kiçik olan istənilən heyvanı təqib edirlər. Sadəcə olaraq, pişik şəhər mühitində kifayət qədər yayılmış heyvan olduğundan onlara hücum etdiklərini görürük.
İki növ arasında ünsiyyətdə çətinliklər həm də onların bədən dillərindəki fərqlərlə əlaqəlidir. Məsələn, it xoşbəxt olanda quyruğunu yelləyir, pişiklərdə isə bu, aqressiya jestidir. Köpək qorxduqda, qulaqlarını başına sıxır və yerə əyilir - pişik üçün isə bu hücuma hazırlıqdır. Yəni, bu heyvanlar əvvəlcə sülhsevər olsalar da, aralarındakı anlaşılmazlıq qarşıdurmaya çevrilə bilər.
Düzgün təlim ilə pişik və itlər birlikdə dinc yaşaya bilərlər. Təl-Əviv Universitetinin alimləri iki növün dostlaşmasının ən yaxşı yolunun onları kiçik yaşlarından birlikdə böyütmək olduğunu iddia edirlər.







